Burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü ilə bağlı onu əməliyyat edən lor cərrah saxlanılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, cərrah Sənan Mehdiyev başlanan cinayət işi üzrə şübhəli kimi saxlanılıb.
Hazırda istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.
İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.