Bayden-Blinken cütlüyünün tarixdə qalacaq obrazı: yalançı və qərəzli – ŞƏRHbackend

Bayden-Blinken cütlüyünün tarixdə qalacaq obrazı: yalançı və qərəzli – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan milli dövlətçilik tarixində ABŞ ilə əlaqələrə böyük əhəmiyyət verib. İki ölkə arasında ticarət dövriyyəsi də artan xətt üzrə inkişaf edir. 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycanın Ştatlarla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 2,4 dəfədən çox artaraq 717,7 milyon dolları üstələyib.

Məlumata görə, Azərbaycandan ABŞ-yə ixrac 103,37 milyon dollar (16,5 dəfə artıb), ABŞ-dən Azərbaycana idxal 614,33 milyon dollar (2,1 dəfə artıb) təşkil edib.

Ancaq Cozef Baydenin prezidentliyi dönəmində bu uğuru siyasi sahəyə şamil etmək olmur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə deyib ki, Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub. Dövlət başçısının sözlərinə görə, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident “907-ci düzəliş”in yenidən bərpasını məhz Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.

Cozef Bayden siyasi karyerası dövründə şəxsi planda Azərbaycan və Türkiyəyə qarşı fəaliyyət göstərib. Senator olduğu dövrdə Azərbaycana qarşı “907-ci düzəliş”in müəlliflərindən olub.

ABŞ Konqresi 1992-ci ilin oktyabrında müstəqilliyini elan etmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığı Müdafiə Aktı” adlı qanun qəbul etmişdi. Onun 907-ci bölməsinə edilən düzəlişə əsasən, Ştatların Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub.

Bu qanunun qəbul edilməsinə erməni lobbisinin güclü təsir etdiyi təsdiqlənib. Onda iddia olunurdu ki, Azərbaycan guya Ermənistanı mühasirədə saxlayır, “Dağlıq Qarabağdakı” ermənilərə qarşı zorakılıq tətbiq edilir. Halbuki məlum “düzəliş”li qanun qəbul ediləndə ermənilər Xocalı soyqırımını törətmiş, Laçın və Şuşanı da işğal etmişdi. Onda senator Cozef Bayden və qanun müəllifləri bu gerçəyi görməzdən gəldilər.

Cozef Baydenin partiyadaşı senator Con Porterin “əlavəsində” 1997-ci ildə Azərbaycana yardım nəzərdə tutulsa da, bu əlavədə “Dağlıq Qarabağ” ayrıca, “müstəqil” tərəf kimi qeyd olunurdu. Ancaq qəbul olunmadı. Bu qəbul edilsə idi, Azərbaycanın ərazi bütövlüyünün ABŞ Konqresi tərəfindən şübhə altına alınması təhlükəsi yarana bilərdi.

“907-ci düzəliş”in qüvvəsinin müvəqqəti də olsa tam dayandırılması üçün imkan 2001-ci sentyabrın 11-də məlum terror hadisələrindən sonra yaranmışdı. Azərbaycan antiterror koalisiyasına qoşularaq ABŞ-nin Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə hava ərazilərindən istifadəyə icazə verməklə kömək göstərmişdi. Nəhayət, ABŞ Prezidenti Corc Buş 2002-ci ilin yanvarında “907-ci düzəliş”in qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verib.

Cozef Baydenin anti-Azərbaycan fəaliyyəti nəticəsində “Azadlığı Müdafiə Aktı” çərçivəsində 1992-2005-ci illərdə ABŞ Ermənistana 1,6 milyard dollar, Azərbaycana isə 600 milyon dollar yardım edib.

Cozef Bayden hakimiyyəti dövründə “907-ci düzəliş” yenidən tətbiq edilməyə başlanıb. 2023-cü ilin noyabrında Konqresin Yuxarı Palatası Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib. Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı “907-ci düzəliş”in qüvvəsini dayandırmamağı nəzərdə tutur.

Bu məsələdə yenə aparıcı rolu erməni lobbisi və Cozef Baydenin başçılıq etdiyi Demokratlar Partiyasından olan senatorlar oynayıb.

Bayden öz fəaliyyəti müddətində Azərbaycana qarşı “demokratiya” adı altında təzyiqlər etməklə səhvlər buraxıb. Onun bu istiqamətdə atdığı addımlar, heç şübhəsiz, Cənubi Qafqazda ABŞ-nin maraqlarına zərbə, ikitərəfli əlaqələrə maneə olub.

Onun kabinetinin dövlət katibi Antoni Blinken isə yalan danışmaqla siyasi karyerasının ən kobud səhvlərini edib. Ötən ilin yazında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə “qayıdış hüququ” məsələsində yanlış mövqedən çıxış etmiş və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol vermişdi.

O, qərbi azərbaycanlıların 35 il əvvəl öz tarixi yurd-yuvalarından qovulmasını dilə gətirməməklə təmsil etdiyi administrasiyanın Azərbaycana qarşı qərəzli olduğunu nümayiş etdirib.

Antoni Blinkenin Azərbaycana qarşı ən böyük səhvi, yalanı Prezident İlham Əliyevə ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşlə bağlı söylədikləri oldu. 2024-cü il aprelin 3-də o, Prezidentlə telefon danışığında bildirmişdi ki, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər alıb və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab edir. Dövlət katibi sözügedən görüşün əsas mahiyyətinin Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırmışdı.

Prezident İlham Əliyev qeyd etmişdi ki, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. O, anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulamışdı.

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını bildirmişdi. Ancaq sonradan dövlət katibinin yalan danışdığı təsdiqləndi. Məlum oldu ki, tərəflər arasında müxtəlif sahələrə, o cümlədən hərbi əməkdaşlığa dair 20 maddəlik müqavilə imzalanmışdı.

Cozef Bayden administrasiyası ərazi bütövlüyünü bərpa etmiş, antiterror koalisiyanın fəal iştirakçısı olan, beynəlxalq energetika təhlükəsizliyində özünəməxsus fəaliyyət göstərən Azərbaycana qarşı “907-ci düzəliş”in tətbiqini davam etdirməklə 30 il əvvəlki səhvləri, qərəzi təkrarlayıb. Başqa sözlə, onlar üçün əsas məsələ Azərbaycana təzyiq etməkdir.

Bayden-Blinken cütlüyü Azərbaycana, regiona qərəzini yanvarın 14-də Ermənistanla strateji əməkdaşlığa dair xartiyanı imzalamaqla da nümayiş etdiriblər. Sənədin elə güclü hüquqi əsası olmasa da, bu, Ağ evin regiona münasibətinin göstəricisidir.

Onlar bu səhvi Ukraynada da ediblər. Müharibə bu cütlüyün hakimiyyəti dövründə başlayıb. O, ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukraynanı müdafiə edir, ona yardım göndərir. Ancaq torpaqlarını işğaldan təmizləyən Azərbaycanı hədələyir, təzyiqlər göstərir, yalan danışır və s.

Cozef Bayden prezidentliyi dövründə həm də çoxsaylı yanlış fikirlər söyləməsi ilə yadda qalıb.

Yalan bütün fəsadların mənbəyidir. Cütlük yalan danışıq, qərəzli mövqe ilə ABŞ-nin beynəlxalq nüfuzuna mənfi element əlavə edib.

Bayden-Blinken ittifaqından indiki Prezident Donald Tramp da narazılıq edib: “Cozef Bayden dörd il boyu mənə cəhənnəmi yaşadıb. Vəkillərə milyonlarla pul xərclədim. Öz əfvim ilə bağlı qərar qəbul etmədim. Çünki yanlış bir iş görməmişəm”.

ABŞ-nin siyasi səhnəsində daha bir prezident tarix oldu. Cozef Bayden Azərbaycanın yaddaşında erməni lobbisindən faydalanan, qərəzli bir dövlət başçısı kimi qalacaq. Öz ölkəsinin tarixində isə oğlunu törətdiyi cinayətlərə görə əfv edən prezident kimi xatırlanacaq. Blinken isə yalanı iki gündə ifşa edilən dövlət katibi kimi yad ediləcək. Odur ki, Bayden-Blinken cütlüyünün başlıca prinsipi yalan və qərəz olub.