“Estetik əməliyyatlar artacaq çünki, insanların həyat tərzi və qidalanması günü-gündən mənfiyə doğru gedir”.
Bu sözləri NOCOMMENT.az-a açıqlamasında Tibb üzrə Fəlsəfə Doktoru, dosent, plastik rekonstruktiv cərrah Rəşad Babayev deyib.
“Qeyri-bərabər paylanmış piy toxumaları və yeyilən anormal qidalarla əlaqəli olaraq müəyyən qüsurlu uşaqlar dünyaya gəlir. D vitamini çatışmamazlığı və digər hallarla əlaqədar raxitlik və onun yaratdığı problemlər ortaya çıxacaq. Estetik əməliyyatların sayı da buna uyğun olaraq ədədi və hətta həndəsi silsilə ilə arta bilər.
Bu gün Azərbaycan Respublikasında Səhiyyə Nazirliyinin qəbul etdiyi və sertifikat verdiyi plastik cərraha xəstə öz əməliyyatı üçün müraciət edə bilər. Hal-hazırda estetik və plastik cərrahlarla bağlı sertifikatlar bir daha yoxlanır və onların dürüstlüyü tam şəkildə təmin olunur.
Kosmetoloji mərkəzlərdə heç bir həkim ixtisası olmadan əməliyyat edən şəxlər var. Bu cür kosmetoloqlardan uzaq durmaq lazımdır.
Əməliyyatdan öncə müayinələr çox vacibdir. Xəstə müayinə olunduqdan sonra analizlər norma daxilindədirsə və bir ay müddətində heç bir xəstəlik və ya patoloji bir hal baş verməmişdirsə, bu halda analizlərin nəticələri keçərli sayılır və bu əməliyyatı icra etmək mümkündür”.
Cərrah onu da qeyd edir ki, bu gün həkimlərə insanların düşmən gözü ilə baxmasının əleyhinədir.
İnsanlar öz evlərində heç bir tibbi savadı olmadan bir-birinə iynə vururlar. Onların bu iynə nəticəsində vəziyyətlərinin ağırlaşması halı baş verərsə, bu halı aradan qaldıra bilməzlər. Amma həkim anafilaktik şokun qarşısını ala biləcək bir gücə malikdir.
Hal-hazırda qulaq, burun, boğaz həkimləri ilə bağlı araşdırmalar aparılır və sözsüz ki, məhkəmə həmişə olduğu kimi haqlı bir qərar qəbul edəcək.
Aişə Abdulova