Ukrayna Ali Radasının deputatlar qrupu qeyd edib ki, hazırda Azərbaycanda məhkəmə prosesi davam edən Ruben Vardanyan Ukraynaya qarşı da qanunsuz əməllər törədib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Report” Ukrayna KİV-lərinə istinadən məlumat yayıb.
KİV qeyd edir ki, Vardanyana qarşı ukraynalı parlamentarilər, prezident və xüsusi xidmət orqanları tərəfindən də dəfələrlə suallar yaranıb.
“2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahılarına daxil edilib. 2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti onu “rus-faşist işğalçılarının və terrorçuların əlaltısı” xarakteristikası ilə “Mirotvorets” saytının məlumat bazasına daxil edib. 2024-cü ildə Ukrayna parlamentinin 18 deputatı Vardanyanın adının Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarılması tələbi ilə kollektiv məktub imzalayıb”, – nəşrlər vurğulayır.
Qeyd olunur ki, Azərbaycanda Vardanyana qarşı məhkəmə prosesinin başlaması Ali Radanın deputatlarının diqqətini yenidən cəlb edib. Onlar sosial şəbəkələrdə onun cinayətkar fəaliyyətinin beynəlxalq xarakterinə diqqət yetirməyə çağırırlar.
“Xalqın Xidmətçisi” (“Sluqa Naroda”) partiyasından olan deputat Nikolay Qaluşko “Facebook” səhifəsində yazıb ki, Ruben Vardanyan Ukraynanın ikiqat düşməni, həmçinin “Rusiyanın marionetkası və Putinin pul kisəsidir”.
Qaluşkonun həmpartiyalısı Yuri Kamelçuk şəxsi hesablarındakı videolarda bildirir: “Bu şəxsin (Vardanyanın) üzərində artıq damğa qoymağa yer yoxdur. Əgər o, Azərbaycanda həbsdə olmasaydı, onu Ukraynaya və ya məsələn, Litvaya gətirilməli idi. Yeri gəlmişkən, “Mirotvorets” saytında da belə yazılıb – dərhal həbs edilməli və Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.
Y.Kamelçuku deputat Aleksandr Fediyenko da dəstəkləyib. O bildirib ki, Vardanyan “Putinə yaxınlığı ilə tanınan xadim, Rusiyaya maliyyə dəstəyinin simvoluna çevrilib. Onun adı 2019-cu ildən ABŞ, Avropa İttifaqı və Ukraynanın araşdırmalarında və sanksiya siyahılarında yer alır”.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.
Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.