Son günlər Donald Trampın Qəzza zolağına tam nəzarət, o cümlədən milyonlarla fələstinlinin qonşu ölkələrə məcburi köçürülməsi istiqamətində açıqlamaları dünya mediasında səs-küy yaradıb. Ötən gün isə “Pravda” qəzeti bu barədə maraqlı iddia irəli sürüb. Belə ki, Ağ Ev sahibinin Qəzza ilə bağlı planının olduğu bəlli olub. Qeyd edilib ki, “Fövqəladə rekonstruksiya planı” adlandırılan layihəyə əsasən, sözügedən ərazinin elit kurort bölgəsinə – “Yaxın Şərq Rivierası”na çevrilməsi nəzərdə tutulur.
Trampın ümumiyyətlə, Qəzza ilə bağlı əsl məqsədi nədir?
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Trampın əvvəlki dövrdə prezidentliyini nəzərə alsaq, hazırkı səlahiyyət müddətində də israilmeyilli siyasət yürüdəcəyi ehtimal edilirdi:
“Tramp bunu gizlətmir də, əksinə, İsrailə müttəfiq kimi dəstək verəcəyini dəfələrlə dilə gətirmişdi. Hazırda da İsrail-Fələstin arasında olan çox illik müharibəyə son qoymaq üçün müxtəlif planlar haqqında düşünülür. Misir, İordaniya ərazisinə fələstinlilərin köçürülməsi və bunun müqabilində həmən dövlətlərə maddi vəsaitlərin verilməsi haqqında iddialar onu deməyə əsas verir ki, sanki bu torpaqlar fələstinlilərdən hansısa bir mexanizmlə təmizlənəcək. Bunu demək nə qədər təəccüblü olsa da, bu ərazilərin sanki ərəblərdən azad edilməsi siyasi məqsədləri güdülməkdədir. Adının hansı formada qoyulmasının heç bir əhəmiyyəti yoxdur”.
Müsahibimiz bildirdi ki, “kurort zonası”, “turizm bölgəsi” və turistlərin marağını cəlb edən “Riviera”ya çevrilsə belə, bu, geopolitik gedişatdır və sanki yəhudilər qarşısında öhdəliklərin yerinə yetirilməsidir:
“Tramp ötən dövrkü kodensiyasından önəmli nəticələr çıxarıb. Onun yenidən prezident seçilməmə səbəbləri ciddi araşdırılmışdı və Tramp bunu təkbaşına etməyib, ətrafında olan komanda, siyasi məsləhətçiləri, kolsultativ qruplar, düşüncə fabrikləri bunun üzərində ciddi işləyiblər. Sanki gəlinən nəticə bu gün yerinə yetirilir. Bütün bu planların yeni dünya nizamı, yeni təhlükəsizlik arxitekturasının cızılmasında hansı nəticələri doğuracağını da gözləmək lazımdır. Bölgəni silahlardan təmizləmək, müharibəyə son qoymaq üçün yalnız bu bölgədə yəhudilərin hökmranlığını formalaşdırmaq nə qədər doğrudur və dünya bunu nə cür həzm edəcək, bu da ciddi suallar yaradır”.