Donald Tramp prezidentlik dövründə ABŞ-nin daxili və xarici siyasətində ciddi dəyişikliklər həyata keçirməyi hədəfləyir. O, ABŞ-nin xarici siyasətində müstəqil və milli maraqlara əsaslanan yanaşmanın vacibliyini vurğulayır. Trampın siyasəti, “Amerikanı daha təhlükəsiz, daha güclü və daha firavan edirmi?” sualına əsaslanır. Hər bir proqram və xərclənən dollar bu məqsəd üçün qiymətləndirilir. Tramp, ABŞ-nin beynəlxalq təşkilatlarda və müqavilələrdə iştirakını da yenidən nəzərdən keçirir və bir çox xarici əlaqələrdə dəyişikliklər edir.
O, xüsusilə USAID-in fəaliyyətini sərt tənqid edərək, bu qurumun ABŞ-nin vergi vəsaitlərini səhv istiqamətdə istifadə etdiyini deyir. İlon Maska onunla həmrəydir, belə ki, o da təsisatın biosilah tədqiqatlarını maliyyələşdirdiyini bildirir. Tramp USAID-i anti-Amerika əhval-ruhiyyəsi yaratmaqda, müxtəlif müstəqil dövlətləri manipulyasiya etməyə çalışmaqda və dövlətləri borclandıraraq onların üzərində nəzarət qurmaqda ittiham edir. USAID-in bağlanması, Trampın “Amerika birinci” prinsipinə uyğun olaraq bu cür strukturların aradan qaldırılmasına yönəlib.
Prezident Tramp həmçinin, dövlət büdcəsində ciddi islahatlar aparmağı, federal xərcləri azaltmağı və daha səmərəli bir idarəetmə qurmağı hədəfləyir. O, müharibələrdən uzaq durmağı və daha çox diplomatiya yolu ilə problemləri həll etməyi planlaşdırır. Bu yanaşma, Trampın münaqişələrə və zorakılığa qarşı pasifizmindən deyil, daha çox ABŞ-nin gücünü artırmağa yönəlmişdir. Trampın siyasi və iqtisadi yanaşmaları, ölkənin beynəlxalq səhnədəki mövqeyini gücləndirmək və Amerikanı daha güclü bir dövlətə çevirmək məqsədini daşıyır.
Gözlər əgər ABŞ-Azərbaycan münasibətlərinin inkişaf dinamikası ilə bağlı nəsə axtarırsa, təbii ki, birtərəfli qaydada ermənipərəst mövqe tutan Bayden ve Blinkendən fərqli siyasət yürüdüləcək. Lakin siyasət şəxslər deyil, maraqlar üzərindən dəyərləndirir.
O ki, qaldı USAID-in bağlanmasına, mahiyyətində qərəz, birtərəfli, haqsız yanaşma dayanan, ən təhlükəlisi dövlətləri, cəmiyyətləri pulla ələ almaq yolunu tutaraq bu vasitə ilə də onların boynuna nəzarət, diktə ipi dolamağa çalışan, qarşılarında borcluya, boyundurağa çevirməyə çalışan istənilən aktorun, təsisatın çöküşü yalnız müsbət dəyərləndirilməlidir. USAID-in bağlanması ABŞ-Azərbaycan münasibətlərinə vurulmağa cəhd edilən maneələrdən birinin aradan qaldırılması da olduğundan cığırların təmizlənməsi deməkdir.
Elnur Quliyev