Hər gün Bakının cənub-qərb hissəsində gecəni gözləyən ağır tonnajlı yük maşınları dayanır. Sədərək yolunda Yasamala girişdə böyük bir maşın karvanı ard-arda düzülüb saat 22:00-ın intizarını çəkir. Yolun açılması yaxınlaşanda təxminən saat 21-dən sürücülər hazırlıq görməyə başlayırlar.
NOCOMMENT.az bu barədə Teleqraf-a istinadən xəbər verir.
Onu da xatırladaq ki, bir müddətdir Bakı şəhərində nəqliyyatda sıxlığın aradan qaldırılması məqsədilə 8 tondan yuxarı yük daşıyan avtomobillərinin şəhərə giriş və çıxışlarına müəyyən məhdudiyyətlər tətbiq edilib. Bu tip avtomobillər yalnız axşam saat 22:00-dan etibarən paytaxt ərazisinə daxil ola bilər.
Sürücülərin fikrincə, nəqliyyat sıxlığının aradan qaldırılması üçün tətbiq olunan bu məhdudiyyətlər onların işini çətinləşdirib.
Teleqraf-ın əməkdaşı yük avtomobillərinin sürücüləri ilə həmsöhbət olub, onların sözünü-iradını dinləyib.
“Evə çətinliklə gedib çıxırıq…”
6 ildir yük daşınması işi ilə məşğul olan sürücü Natiq deyir ki, əvvəlki qaydada, axşam saat 8-də şəhərə giriş onların işinə yarayan daha rahat vaxt idi:
“Bir vaxtlar daha erkən, yəni saat 8-də şəhərə girirdik. İndi xeyli gözləməli oluruq, girişə maşın karvanı düzülür. Nəticədə tıxac yaranır, sıxlıq olur, həmçinin kiçik avtomobillər üçün də müəyyən narahatlıqlar meydana çıxır. Sürücülər də əziyyət çəkirlər. Mən 6 ildir bu işlə məşğulam. Hazırda şəhərə girməli olan maşınların bir neçəsi İmişlidən yük gətirir. Mən də adətən qum-çınqıl gətirirəm. Elə olur 30-40 dəqiqə gözləyirik. Daha tez gələn bəzi sürücülər 2-3 saat gözləməli olurlar. Saat 10-da şəhərə giririk, geri çıxanda saat 12 olur, rayona çox gec çatırıq”.
“Yük maşınlarını qınayırlar ki, qəza törədir, amma bilmirlər ki…”
Sürücü Zamir Əhmədzadənin sözlərinə görə saatlarla gözləmək onları çox yorur:
“On ilə yaxındır ağır yük daşınması ilə məşğulam. Bu məhdudiyyətlər bizi narahat edir. Gəlib saatlarla gözləməli oluruq. Yükümüzü yığıb səhər tezdən saat 6-da yola çıxmalıyıq ki, küçələrdə qalmayaq. Yuxumuzu da maşında alırıq. Bəzən yük maşınlarını qınayırlar ki, tez-tez qəza törədirlər. Yuxumuz gələndə məcburuq maşını saxlayaq, yataq. Nəzərə almaq lazımdır ki, evdə yatmaqla, yolda-maşında yatmaq eyni deyil. Qəzaların çoxu da buna görə baş verir. Çünki yuxu normal alınmır”.
Sürücünün sözlərinə görə, gecə şəhərə girib-çıxmaq məsələsi yoluna qoyulsa, daha yaxşı olar:
“Kəlbəcərə, Laçına, Şuşaya, Ağdama, Cəbrayıla, Zəngilana, hara ehtiyac olsa, çalışırıq ki, oraya yük daşıyaq. Şəhərə girib-çıxmaq bizim işimizi çətinləşdirir. Bir dənə bu gecə məsələsini yoluna qoysalar, hər şey yaxşı olar. Yol polislərinə nə göstəriş verilirsə, onu icra edirlər”.
Zamir Əhmədzadə qeyd edib ki, yük maşınlarının hərəkəti üçün alternativ yollar ayrılsa, bu qədər çətinlik çəkməzlər:
“Heç olmasa, bizə alternativ yollar verilsin. O yollardan istifadə edib, yükümüzü aparıb çatdıraq. Şəhərdə deyilən yerə girməyək, yalnız alternativ yolla işləyək. Əvvəllər şəhərə girmədən qıraq yollarla – 20 Yanvar, Dərnəgüllə gedib-gəlirdik. Son vaxtlar ora da qoymurlar. 6-7 saat yollarda qalırıq. Səhər tezdən gedəcəyimiz ünvana çatırıq, Bakıya qayıdanda gözləyirik ki, vaxt tamam olsun, şəhərə girək. Gözləməkdən başqa yol da yoxdur.
Elə obyektlər var ki, gecə işləmir. Gecə gedib görürsən ki, qapını qıfıllayıb gediblər. Nə fəhlələri işləyir, nə də özləri. Hamı gecə öz ev-eşiyində olur. Bunlar bizə əziyyətdir”.
Axşam saat 22-dən səhər 8-dək…
Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Teleqraf-a açıqlamasında bildirib ki, yük avtomobillərinin şəhərə giriş-çıxışına tətbiq edilən məhdudiyyətlər bir sıra problemlər yaradır.
Onun sözlərinə görə, bu çətinlik ilk növbədə paytaxta və paytaxtdan kənara yük daşımalarında, yəni logistika sahəsində özünü göstərir. İkincisi, Bakının giriş-çıxış qapılarında karvan formasında vaxtın tamam olmasını gözləyən yük maşınları böyük tıxaclara səbəb olur: “Bu da yol hərəkəti təhlükəsizliyi qaydalarını pozur”.
Ekspert üçüncü ciddi problem kimi Bakı və ətraf ərazilərdə axşam və gecə saatlarında yük avtomobillərinin iştirakı ilə baş verən ağır qəzaları göstərib. Ə.Hüseynovun sözlərinə görə, son dövrlərdə belə yol-nəqliyyat hadisələrinin sayı artıb:
“Bu hadisələr xüsusilə yük maşınlarının şəhərə giriş-çıxış saatlarına təsadüf edir. Saat 22:00-dan sonra Bakının bəzi küçə və prospektlərində, xüsusilə Ziya Bünyadov, Tbilisi, Moskva prospektlərində yük avtomobilləri sürətlə, müxtəlif təhlükəli və eybəcər manevrlərlə hərəkət edirlər. Çünki adamlar bilirlər ki, şəhər ərazisində qalma müddətləri 10 saatdır. Ona görə də qaçhaqaça, qovhaqova düşürlər, yükü götürməyə və ya boşaltmağa tələsirlər. Onlar da insandırlar, istəyirlər ki, işlərini tez bitirib evlərinə getsinlər, istirahət etsinlər.
Bütövlükdə saatlarla yolda dayanıb Bakıya giriş vaxtının çatmasını gözləmək sürücülərdə ciddi psixoloji gərginlik yaradır. Ona görə də çox sürətlə hərəkət edirlər, müxtəlif manevrlər edirlər. Bu da təhlükəli vəziyyət yaradır, qəzaların baş verməsinə gətirib çıxarır”.
Məsələyə yenidən baxıla bilər
Nəqliyyat məsələləri üzrə ekspert vurğulayıb ki, problemin kökündə dayanan məsələlərdən bir də qanunvericilik və hüquqi aktlarla bağlıdır. Onun sözlərinə görə, məsələni tənzimləyən normativ-hüquqi aktı 2023-cü ildə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası qəbul edib:
“Amma həmin komissiya hüquqi akt qəbul edən instansiya deyildi, çünki ictimai komissiya idi və fəaliyyəti daha çox məşvərət xarakteri daşıyırdı. İndi isə komissiya ləğv edilib, səlahiyyətləri Nəqliyyatı Əlaqələndirmə Şurasına verilib. Komissiyanın qərarında ümumi şəkildə Bakı şəhəri nəzərdə tutulub. Prezident İlham Əliyevin 2025-ci il yanvarın 30-da imzaladığı sərəncamla təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda isə Bakı və ətraf ərazilər yazılıb. Ətraf ərazilər deyəndə Mərdəkan, Binə və başqa böyük qəsəbələr nəzərdə tutulur.
Lakin hüquq ədəbiyyatında iki termin var: təbii inzibati vahid və süni inzibati vahid. Təbii inzibati vahid ayrıca kənd, şəhərdir. Yəni ayrıca məskunlaşma yeridir. Məsələn, Bakı şəhəri və onun daxilində olan yaşayış yerləri. Süni inzibati vahid isə Ələtdən başlayaraq Pirallahı və Sumqayıta qədər olan ərazini əhatə edir.
Nazirlər Kabinetinin keçmiş Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarında isə Bakı deyiləndə yalnız paytaxtın özü nəzərdə tutulur. Bakının bir ucu Bayıldan başlayır, metronun “Koroğlu” stansiyasını, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsini, “Şamaxinka” adlanan ərazini, Zığ dairəsini və sairi əhatə edir. Bir də baxırsan ki, yük avtomobillərinə Nardaranda, Şüvəlanda da hərəkət məhdudiyyəti tətbiq edirlər. Bu da süni problem yaradır”.
Ə.Hüseynov yuxarıda qeyd olunan problemlərin həlli yolu kimi Nəqliyyatı Əlaqələndirmə Şurasının məsələyə yenidən baxmasını təklif edir. Onun fikrincə, gündüz saatlarında yük avtomobillərinin hərəkətinə məhdudiyyət qoyulan ərazilərin dəqiq konturları müəyyən olunmalıdır və sürücülər səhər saat 7-dən axşam saat 22:00-dək hərəkətin qadağan olunduğu yerləri dəqiq bilməlidirlər:
“Yaxşı olar ki, buna rəqəmsal xəritə əlavə etsinlər. Bu dəqiqə rəqəmsal xəritənin əhatə dairəsi genişdir. Bakının müəyyən ərazilərində, küçələrində istisna hal kimi yük maşınlarının hərəkəti təmin edilər.
Logistika işi ilə məşğul olanlar işi müasir tələblərə uyğun yenidən qurmalıdırlar. Məsələyə yanaşma dəyişməlidir. Anbarlar şəhərdən kənara köçürülə bilər. Yük alan və qəbul edənlərin yük qəbulu ərazilərini yenidən müəyyənləşdirmələri də mümkündür. Başqa bir məqam da var. Qatarla və ya və kiçik tonnajlı avtomobillərlə də yük daşınmasına keçmək olar. Bütün bunlardan sonra nizam-intizam məsələsinə baxılmalı, qrafiklər dəqiqləşdirilməlidir ki, sürücülər şəhərə vaxtında girib çıxa bilsinlər.
Gözləmək zərurəti yaranarsa, yoldan kənar ərazilərdə, hərəkətə maneə yaratmayacaq hissələrdə gözləmə yerləri təşkil etmək olar”.
Ən optimal vaxt elə budur
Bütün bunlara baxmayaraq, nəqliyyat məsələləri üzrə ekspert hesab edir ki, yük maşınları üçün giriş vaxtının saat 22:00-a təyin etmək ən optimal zamandır: “Çünki Bakıda bir sıra küçə və prospektlərdə hətta saat 22:00-dan sonra da tıxac olur”.
Baş Dövlət Yol Polis İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev isə Teleqraf-a bildirib ki, yük maşınlarının şəhərə girişi ilə bağlı müəyyən olunmuş saatlar çərçivəsində qadağalar nəqliyyatın sıxlığının aradan qaldırılmasına müsbət mənada töhfə verir: “Əsas məsələ şəhərdaxili yollarda avtomobillərin fasiləsiz hərəkətinin təmin edilməsidir. Bununla bağlı dövlət tərəfindən yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılır.
Yük maşınlarının günün müəyyən edilmiş saatlarda şəhərə girişi qadağan edilib. Misal üçün, yük maşını yolun hərəkət istiqamətində nasaz vəziyyətdə qaldıqda digər nəqliyyat vasitələrinə nisbətən onların yolun hərəkət istiqamətindən kənarlaşdırmaq, ümumiyyətlə ərazidən çıxarmaq çox çətin və zaman aparan prosesdir.
Əlavə olaraq yolların yüklənməsi baxımından da bu növ nəqliyyat vasitələri əhəmiyyətli dərəcədə rol oynayır. Bu baxımdan Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının şəhərə daxil olan yük avtomobilləri üçün hərəkət qrafiki qaydaları qəbul edilib. Belə ki, 8 tondan çox olan yük maşınlarının şəhərə girişi 22-00-dan 08-00-a qədər təyin edilib. Yanacaq daşıyan yük maşınları üçün isə qadağa saat 00-00-dan 06-00-a qədər nəzərdə tutulub”.