Suriya və Azərbaycan arasındakı münasibətlərin yeni mənzərəsini dəyərləndirərkən Azərbaycanın beynəlxalq səviyyədə bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı siyasətini vurğulamaq lazımdır. Bu prinsip Suriyaya da şamil edilir.
Bunu NOCOMMENT.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri politoloq Xəyal Bəşirov deyib.
2011-ci ildə Suriyada başlayan etirazlar və Bəşər Əsəd rejiminin öz xalqına qarşı qanuna zidd siyasəti Azərbaycan dövlətinin narahatlığına səbəb oldu. Azərbaycan rəsmi olaraq bu siyasəti qəbul etmədi və 10 ildən artıq bir müddət ərzində Suriya ilə diplomatik əlaqələrini dayandırdı. Bu, Azərbaycanın Suriyadakı rejimə münasibətini açıq şəkildə göstərirdi.
Lakin Bəşər Əsəd rejiminin devrilməsindən və yeni hakimiyyətin, o cümlədən, Əhməd Əl-Şaaranın rəhbərlik etdiyi keçid dövrü idarəçiliyinin formalaşmasından sonra Azərbaycanın mövqeyi dəyişdi. Rəsmi Bakı yeni hökuməti tanıdı və onunla əlaqələri bərpa etdi. Bu istiqamətdə ilk addımlardan biri olaraq prezident İlham Əliyev Suriyadakı müvəqqəti hökumətin başçısı Əhməd Əl-Şaarayı rəsmi olaraq təbrik etdi.
Bununla yanaşı, Azərbaycan Suriyaya humanitar yardımlar göndərdi və bu yardımlar, xüsusilə, qardaş Türkiyənin dəstəyi vasitəsilə həyata keçirildi. Diplomatik münasibətlərin bərpası işlərinin təsdiqi olaraq Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyəti yenidən bərpa edildi.
Azərbaycan və Suriya arasındakı ortaq dini və mədəni dəyərlər münasibətlərin daha da gücləndirilməsinə təkan verir. Azərbaycan həmişə ortaq tarixi və mənəvi köklərə malik olan dövlətlərlə sıx iş birliyi qurmağa çalışıb və bu istiqamətdə dialoqa önəm verib.
Bundan sonra da Azərbaycan dövləti Suriyada xalqın iradəsinə dayanan və sabitliyi təmin etməyi hədəfləyən hökumətlə yaxın münasibətlər qurmaqda maraqlıdır. Əgər Suriya hakimiyyəti xalqın mənafeyini nəzərə alaraq siyasətini davam etdirərsə, Azərbaycan və Suriya arasındakı əlaqələr daha da güclənəcək və yeni əməkdaşlıq imkanları açılacaq.
Elnur Quliyev