Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələri Rusiyanın Marseldəki Baş Konsulluğuna hücumu pisləyiblər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Fransa diplomatik nümayəndəliklərin təhlükəsizliyinə edilən hər hansı hücumu pisləyir”, – deyə bəyanatda bildirilir.
Fevralın 24-də “Valeurs Actuelles” nəşri polisdəki mənbəyə istinadən xəbər verir ki, Rusiyanın Marseldəki baş konsulluğunun ərazisində naməlum şəxslər diplomatik nümayəndəliyin bağçasına iki “Molotov kokteyli” atdıqdan sonra partlayış baş verib.
Rusiyanın Marseldəki baş konsulu Stanislav Oranskinin sözlərinə görə, hazırda hadisə yerində yanğınsöndürənlər işləyir, bina polis tərəfindən mühasirəyə alınıb. Hadisə yerinə Marsel dəniz yanğınsöndürmə briqadası batalyonunun admiralının, eləcə də gücləndirilmiş milli polis qüvvələrinin gələcəyi gözlənilir.
Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova baş verənlərin “terror aktının bütün əlamətlərinə malik olduğunu” qeyd edib və diplomatik qurumun təhlükəsizliyini gücləndirməyə çağırıb.