“Oleq Bakinski”nin məhkəməsində şahidlər ifadə veribbackend

“Oleq Bakinski”nin məhkəməsində şahidlər ifadə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Konstantin Kuçerin şirkətində İnsan Resursları Departamentində çalışan şahid Səbinə Hüseynzadə bildirib ki, “Aviazapchast” ASC və “Promyshlennye Postavki Kazakhstan” MMC şirkətləri haqda məlumatı yoxdur, zərərçəkən şəxsi də tanımır: “Onun xəsarət alması barədə də məlumatım olmayıb”.

Konstantin Kuçerin köməkçisi olan Elnarə Cəbiyeva deyib ki, “Aviazapchast” ASC və “Promyshlennye Postavki Kazakhstan” MMC ilə müqavilələrdən xəbərdardır: “Bu şirkətlərlə müqavilələri baş direktorun göstərişi ilə etmişəm. Həmin şirkətlərdən gələn böyük məbləğlər, əsasən “Günay Bank”a köçürülüb. BTB-yə isə təqribi 500 min avrodan çox pul köçürülüb. Hazırda şirkət fəaliyyətini dayandırıb”.

Proses martın 7-də davam etdiriləcək.

Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.

Zərərçəkən qismində “Aviazapchast” ASC, “Promyshlennye Postavki Kazakhstan” MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.