Sumqayıtda çoxillik ağaclar hansı səbəbdən kəsildi? – FOTO-VİDEObackend

Sumqayıtda çoxillik ağaclar hansı səbəbdən kəsildi? – FOTO-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günlərdə Sumqayıt şəhər, 45-ci məhəllə, 4 saylı şəhər xəstəxanasının “İnfeksiya” Şöbəsinin həyətində böyük bir ərazidə təxminən 40-50 illik ağacların kəsilməsi xəbərini vermişdik.

NOCOMMENT.az olaraq məsələyə yenidən qayıtmaq qərarı verdik və aidiyyatı qurumlar ilə əlaqə saxlamağa çalışdıq.
Sumqayıt şəhər İcra Hakimiyyətindən məsələyə münasibət özünü çox ləngitmədi: “1 nömrəli Sumqayıt şəhər xəstəxanasının ərazisində əhaliyə tibbi xidmətlərin göstərilməsi məqsədi ilə yeni infrastruktur yaradılır. Bu məqsədlə dövlət sifarişi ilə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının ərazisində müvafiq yer ayrılıb. Layihələrin mühüm əhəmiyyəti nəzərə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əmri ilə ərazidəki ağacların bir qisminin köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib. Ərazidə əlavə 500 ağacın əkilməsi ilə bağlı aidiyyatı qurumlara tapşırıq verilib, artıq ağacların əkilməsinə başlanılıb”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov isə bildirib ki, bu günlərdə Sumqayıtda və Abşeron rayonunda da belə dövlət əhəmiyyətli layihələrin icrası üçün Agentliyə müraciət edilib:

“Layihələrin mühüm əhəmiyyəti və sosial infrastrukturun yaxşılaşdırılmasına müsbət təsir göstərəcəyi nəzərə alınaraq mövcud tələblər və qaydalar çərçivəsində tikinti altına düşən ağacların budanaraq kök torpağı ilə uyğun ərazilərə köçürülməsinə, köçürülməsi mümkün olmayan bir neçə ağacın isə götürülməsinə rəy verilib”.

Maraqlı məqamlardan biri odur ki, sözü gedən ərazidən kəsmə və köçürülmə işini həyata keçirən qurum ETSN-nə məlumatda neçə ağacınm kəsildiyini və köçürüldüyünü bildirib. Nazirlik köçürülməsi mümkün olmayan neçə ağacın kəsilməsinə icazə verib?

Hər iki dövlət qurumu ərazidən bir neçə ağacın kəsildiyini, əsassən köçürülmə olduğunu desə də qeydə aldığımız video görüntülər bunu təsdiq etmir. Müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, heç bir köçürülmə halı olmayıb. Bütün ağacların kəsilməsi isə göz qabağındadlr. Hətta köçürülməsi iddia olunan ağacların küçürüldüyü yeni ərazidən də reportaj etməyə hazırıq. Maraqlı olan digər məqam isə odur ki, ölkədə ağac kəsimi dövlətin sərt qanunları ilə təqib olunduğui bir məqamda bu ağaclar hansı xüsusi maşınlar ilə köçürüldü və bunların video çəkilişləri varmı?

Əldə etdiyimiz digər bir məluamata əsasən qeyd olunan ərazidə koronavirus pandemiyasından zərərçəkənlərin miqyasını genişləndiyi halda xəstələrin qəbulu və müalicəsi üçün tibbi müəssisə inşa olunacaq.

Hesab edirik bu məsələ ölkə rəhbərliyinin diqqətində olacaq və ağacları qanunsuz kəsən və aidiyyatı orqanlara doğru məlumat verməyən məmurlar layiqli cəzasını alacaqlar.

Görəsən yaşı 70-dən çox olmayan bir şəhərin 50 illik ağaclarının kəsilməsi bu qədərmi zəruri idi?