Danimarka hökuməti Ukraynanın bərpası üçün əlavə olaraq 435 milyon kron (68,23 milyon ABŞ dolları) ayıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin yaydığı mətbuat açıqlamasına istinadən TASS məlumat yayıb.
“Danimarka Ukraynanı davamlı sülhə gedən yolda dəstəkləməyə davam edəcək”, – deyə ölkənin xarici işlər naziri Lars Lökke Rasmussen bildirib.
Mətbuat açıqlamasında qeyd olunur ki, ayrılan vəsaitin 338 milyon kronu (təxminən 53 milyon dolları) 2025-ci ilin iyul ayından 2028-ci ilin iyun ayına qədər Nikolayev şəhəri və Nikolayev vilayətində su təchizatı və istilik sistemlərinin bərpasına sərf olunacaq. Daha 75 milyon kron (11,76 milyon dollar) “EU4Reconstruction” proqramı çərçivəsində Ukraynanın bəzi şəhərlərinin bərpasına, 22 milyon kron (3,45 milyon dollar) isə “Skills4Recovery” proqramı üzrə əhalinin təhsili və məşğulluğunun dəstəklənməsinə yönəldiləcək.
Məlumata görə, xüsusi hərbi əməliyyat başlayandan bəri Danimarka Ukraynaya təxminən 9 milyard avro hərbi, 867 milyon avro isə humanitar və mülki yardım göstərib.