Rusiya nazirinin səs-küylü Bakı səfəri – Kurenkovun əsas missiyası nə idi?backend

Rusiya nazirinin səs-küylü Bakı səfəri – Kurenkovun əsas missiyası nə idi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov Bakıya səfər edib. Rəsmi məlumata görə, səfərin məqsədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcra Şurasının iclasında iştirakdır. İclasın əsas gündəm mövzusunun qurumun yeni baş katibinin seçilməsi olduğu bildirilib.

Bununla yanaşı, rusiyalı nazirin səfər çərçivəsində Bakıda bir sıra ikitərəfli görüşlər keçirəcəyi də açıqlanıb. Lakin bəzi rus “Telegram” kanalları səfərin pərdəarxası məqsədlərinin də ola biləcəyini iddia edir. Həmin iddialara görə, Kurenkovun səfəri yalnız beynəlxalq tədbirlə məhdudlaşmır – əsas məqsəd Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar müşahidə edilən gərginliyi aradan qaldırmaq üçün qeyri-rəsmi danışıqlar aparmaqdır.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Elçin Mirzəbəyli News24.az-a bildirib ki, istənilən beynəlxalq tədbirin keçirildiyi ölkə tərəfindən iştirakçı nümayəndələrin qarşılanması protokol və diplomatik nəzakət qaydalarına uyğun həyata keçirilir:

“Protokola uyğun olaraq, hansı ölkənin ərazisində beynəlxalq təşkilatın tədbiri keçirilirsə, həmin ölkənin müvafiq qurumları ora gələn yüksək rütbəli nümayəndələri qəbul edir. Bu, elementar diplomatik nəzakətdir. Əgər Rusiya mediası nəzakət anlayışını unudubsa belə, ən azı protokol qaydalarını bilməlidir”.

Elçin Mirzəbəyli, eyni zamanda, Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyə də toxunaraq bildirib ki, bu münasibətlərin pisləşməsinə səbəb olan əsas tərəf Rusiyadır:

“İki ölkə arasında yaranmış gərginlik Rusiyanın məsuliyyətsiz davranışlarından qaynaqlanır. Bütün bunlar Azərbaycanın mülki təyyarəsinin Rusiya hava məkanında vurulması ilə başladı. Ardınca isə Rusiya mediasında və Dövlət Dumasında Azərbaycan əleyhinə səsləndirilən əsassız hədələr vəziyyəti daha da gərginləşdirdi. Bu kimi qeyri-dost addımlar etimadı zədələyən əsas səbəblərdəndir”.

Deputat əlavə edib ki, Rusiya ilə Azərbaycan arasında imzalanan sənədlər birgə beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı nəzərdə tutur və rəsmi Bakı bu öhdəliklərdən yayınmayıb. Lakin ikitərəfli münasibətlərdə yaranmış problemin aradan qaldırılması üçün təşəbbüs göstərməli olan tərəf məhz Rusiyadır:

“Etimadın bərpası üçün ilk addımı atmalı olan Moskva olmalıdır. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər isə bu günə qədər Rusiyanın Azərbaycana qarşı atdığı yanlış addımları ört-basdır edə bilməz”.