Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sara Aşurbəyli küçəsinin sakinləri 118B saylı marşrut avtobuslarının fəaliyyətindən şikayətçidirlər.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyiblər ki, özləri vəsait toplayaraq yaşadıqları ərazidəki yolu təmir ediblər.
Bundan sonra bir müddət 118B nömrəli marşrut avtobusu onların yaşadıqları küçədən keçib. Hazırda isə marşrut onların küçəsindən keçmir. Odur ki, digər dayanacağa getmək üçün sakinlər xeyli yol qət etdiklərini deyirlər.
Sakinlər deyirlər ki, avtobuslar sözügedən küçəyə getmədiyi üçün çox vaxt taksidən istifadə edirlər. Bu isə onlara baha başa gəlir.
Sakinlərin şikayəti ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, 118B marşrutunun hərəkət sxemi Sara Aşurbəyli küçəsinədək müəyyən edilməyib. Marşrutun son dayanacağı Zabrat qəsəbəsi, Nəcəf bəy Vəzirov küçəsidir.
Agentlikdən o da bildirildi ki, sözügedən əraziyə marşrutun təşkil edilməsi mövcud yol şəraitinin avtobusların nizamlı fəaliyyətinə imkan verməməsi səbəbindən məqsədəuyğun deyil.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Zabrat qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Zabrat qəsəbəsində Sara Aşurbəyova küçəsində də yolun asfaltlanması ilə bağlı tədbirlərin investisiya proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.