Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən «Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında» 15 aprel 2024-cü il tarixli 85 nömrəli Sərəncam imzalanmışdır.
NOCOMMENT.az bildiriri ki, sərəncamla Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlərin görülməsi, mərkəzi icra hakimiyyəti orqanlarına və icra hakimiyyətlərinə, həmçinin digər aidiyyəti dövlət orqanlarına (qurumlarına) isə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılmışdır.
Sərəncamdan irəli gələn məsələlərin icrasını vaxtında təmin etmək, eləcə də layihə işlərinin həyata keçirilməsini sürətləndirmək və görüləcək işlərin aidiyyəti qurumlarla birgə əlaqələndirilmiş şəkildə aparılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən yaradılmış İşçi qrupunun 01.08.2025-ci il tarixində iclası keçirilmişdir.
İclası İşçi qrupun rəhbəri Rafiq Aslanov açaraq, 1958-ci ildə istismara verilmiş, uzunluğu 172,4 km, normal su sərfi 113 m³/san olan Qarabağ suvarma kanalının mövcud vəziyyəti və onun yenidən qurulmasının xüsusi əhəmiyyətlərindən danışdı. O çıxışında, başlanğıcını Mingəçevir su anbarından götürən Qarabağ suvarma kanalının 1 şəhər və 8 rayonun (Mingəçevir şəhəri, Yevlax, Goranboy, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan və İmişli rayonları) 115 min hektara yaxın əkin sahələrinin suvarma, yaşayış məntəqələrinin isə içməli və məişət suları ilə təmin olunmasına xidmət etdiyi ilə yanaşı, yay aylarında Araz çayındakı su çatışmazlığının aradan qaldırması məqsədilə Qarabağ kanalı vasitəsilə 25-30 m³/san suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyünü, bununla da İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının da əkin sahələrinin su təminatının yaxşılaşdırılmasının təmin olunduğunu bildirdi. Eyni zamanda, o qeyd etdi ki, kanalın suyundan İstilik Elektrik Stansiyasının aqreqatlarının soyudulması məqsədi ilə də istifadə edilir. İclas iştirakçılarının diqqətinə çatdırıldı ki, 1955-ci ildə kanalın bugün xidmət etdiyi ərazilərdə qrunt suyunun dərinliyinin 10-15 metr olmuşdur, lakin torpaq məcralı Qarabağ kanalı tikilərək istismara verildikdən sonra kanaldan sızan sular hesabına həmin ərazilərdə qrunt suyunun yatım dərinliyi 1-1,5 m qədər yer səthinə qədər qalxmış, bu da ərazilərin şorlaşmasına və kənd təsərrüfatı sahəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Bunun qarşısını almaq üçün sonrakı dövrlərdə həmin ərazilərin qrunt sularının yatım dərinliyinin aşağı salınması və təkrar şorlaşmasının qarşısının alınması məqsədi ilə kollektor-drenaj şəbəkəsnin tikildiyi bildirildi.
Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyininin Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tərəfindən “Qarabağ suvarma kanalının yenidən qurulması” layihəsi ilə bağlı nəzərdən keçirilən alternativlərin təqdimatı keçirilərək, layihənin texniki-iqtisadi göstəriciləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verildi.
Təqdimatdan sonra iclas iştirakçılarının sualları cavablandırılaraq, rəy və təklifləri dinlənildi.
İclasın sonunda, iştirakçlılar tərəfindən səsləndirlən rəy və təkliflər nəzərə alınmaqla, Qarabağ suvarma kanalının texniki-iqtisadi əsaslandırmasının daha dolğun işlənməsi qərara alındı.\\Axar.az