“Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldıbackend

“Greencard” udub ABŞ-a köçdü – Bakıya 41 min manalıq siqaret gətirdiyi üçün saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Greencard” lotereyasında qalib gələrək ABŞ-a köçən azərbaycanlı doğum gününü qeyd etmək məqsədilə Bakıya gələn zaman 41 min manat dəyərində siqaret gətirdiyi üçün saxlanılıb.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü, Cəbrayıl rayonunun Qaracallı kəndində anadan olmuş D.B. barəsində Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə açılmış cinayət işi məhkəmədə araşdırılıb.

Məlumata əsasən, D.B. 2023-cü ildə “Greencard” lotereyasında qalib gələrək 2024-cü ilin martında ABŞ-ın Texas ştatına köçüb və orada yaşamağa başlayıb. 2025-ci ilin fevralında doğum gününü Bakıda qeyd etmək məqsədilə Hyuston-İstanbul-Bakı aviareysi ilə Azərbaycana qayıdıb. O, özü ilə birlikdə 1382 qutu, ümumilikdə 41.460 manat dəyərində siqaret də gətirib. Siqaretlər Texas ştatında yaşadığı ərazidən alınıb və iki ədəd çemodana yerləşdirilib.

D.B. Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb, barəsində cinayət işi açılıb və 1382 qutu siqaret müsadirə olunub.

İfadəsində D.B siqaretlərin ABŞ-da xeyli ucuz olduğunu və bu səbəbdən onları Bakıya gətirməklə maddi cəhətdən qazanclı çıxacağını düşündüyünü bildirib. O, törətdiyi əməldən peşman olduğunu da qeyd edib.

Məhkəmənin hökmü ilə D.B. tütün məmulatlarının satışı ilə məşğul olmaq hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq, bu cəza 2 il 6 ay sınaq müddəti ilə şərti hesab edilib.