İsrail Qəzza zolağına humanitar yardım kanallarını kəsdikdən sonra anklavın mülki əhalisinin çəkdiyi əziyyətə görə məsuliyyət daşımalıdır.
NOCOMMENT.az bildirir ki, bu barədə The Globe and Mail jurnalında dərc olunan məqalədə deyilir.
Nəşr İsrailin Qəzzaya beynəlxalq humanitar yardımı dayandırmaq qərarını “həm mənəvi, həm də strateji baxımdan fəlakətli” hesab edir. “Düzdür, Həmas tez-tez bu yardımı əngəlləyir və ya mənimsəyir, lakin İsrail Qəzza üzərində nəzarət səviyyəsi nə qədər yüksəkdirsə – və indi o, anklavın 75 faizini işğal etdiyini iddia edir – bu vətəndaşların iztirablarına görə bir o qədər çox məsuliyyət daşımalıdır”, – The Globe and Mail yazır.
Qəzet həmçinin İsrailin hərbi əməliyyatına başlayandan bəri yerdəki vəziyyət əhəmiyyətli dərəcədə dəyişdiyi üçün anklavda sıxışan fələstinliləri humanitar yardımdan daha da məhrum etməyə ehtiyac olmadığına diqqət çəkir. Nəşr qeyd edir ki, HƏMAS liderləri və döyüşçülərinin çoxu öldürülüb, infrastruktur dağıdılıb və İsrail Müdafiə Qüvvələri (IDF) uzun müddətdir ki, Qəzzanın əhəmiyyətli hissəsinə nəzarət edir. “Globe and Mail” İsrailin anklavda Fələstin əhalisinə qarşı soyqırım törətdiyinə inanmır, lakin “müharibə cinayətlərinin baş verdiyini” etiraf edir. Qəzet qeyd edir ki, İsrailin 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra aldığı özünümüdafiə hüququ ona “qisas qırğını” haqqı vermir.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının silahlı tərəfdarlarının Qəzza zolağından İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətli və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə gərginləşib. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturlarını məhv etmək və qaçırılanların hamısını azad etmək məqsədi ilə anklavda hərbi əməliyyata başlayıb. Bu ilin martında İsrail Silahlı Qüvvələri anklavda hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və yanvarda yaradılmış atəşkəs rejimini pozub. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqların bir neçə raundu zamanı münaqişə tərəfləri yeni sazişin şərtlərini müəyyən edə bilməyiblər.