Abşeron rayonu Qobu qəsəbəsinin sakini Rauf Mirzəyev Qobu Ailə Sağlamlıq Mərkəzindən şikayətçidir.
NOCOMMENT.az bildirir ki, o, Qaynarinfo-ya bildirib ki, anası Nəzakət Əliyeva uzun illərdir yataq xəstəsidir. Hazırda vəziyyəti ağırlaşıb. Sahə həkiminə müraciət edilsə də, o, xəstəyə baxmaq istəmir.
“Sahə həkimi Qobu Ailə Sağlamlıq Mərkəzində işləyir. Dəfələrlər müraciət etmişik ki, gəlib xəstəyə baxsın. Son bir neçə gündə 7 dəfə çağırış vermişik. Amma nəticə yoxdur”, deyə Rauf Mirzəyev bildirib.
Şikayətçinin sözlərinə görə, Qobu Ailə Sağlamlıq Mərkəzinin tabe olduğu Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxovanın qəbulunda olub: “Səkinə xanım tapşırıq verib ki, xəstə nəzarətdə saxlanılsın. Lakin sahə həkimi tapşırığa məhələ qoymur. Hətta TƏBİB-də qəbulda olmuşam. Onlar da deyib ki, xəstə həkim nəzarətində olmalıdır. Tapşırırlar, amma həkim gəlmir”.
Şikayətçinin iddiaları ilə bağlı əməkdaşımız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mövqeyini öyrənməyə çalışıb. Qurumdan məsələ ilə bağlı rəsmi sorğu göndərilməsi istənilib.
Artıq sorğunun üzərindən 4 gün ötsə də, TƏBİB-dən hələ də cavab almaq mümkün olmayıb. Ümumilikdə, xəstə 11 gündür həkimin yolunu gözləyir, TƏBİB isə 4 gündür apaşdırma aparıb çıxış yolu tapa bilmir.
Xatırladaq ki, TƏBİB-in icraçı direktoru hələ də Vüqar Qurbanovdur.