Böyük Britaniyanın Baş naziri Key Starmer Londona elan olunmamış səfərlə gələn Vladimir Zelenskini cümə axşamı öz iqamətgahında qəbul edəcək.
NOCOMMENT.az bildirir ki, bu barədə Sky News Britaniya Nazirlər Kabinetinə istinadən xəbər verir.
Telekanalın məlumatına görə, onların söhbəti avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında keçiriləcək danışıqlara həsr olunacaq.
Avqustun 13-də Tramp, Zelenski və Böyük Britaniya, Almaniya, İtaliya, Polşa, Finlandiya və Fransa dövlət və hökumət başçıları, NATO-nun baş katibi, Avropa Komissiyası və Avropa Şurası prezidentlərinin iştirakı ilə videokonfrans keçirilib. Siyasətçilər qarşıdan gələn Rusiya-Amerika sammitini müzakirə ediblər. Ukrayna üzrə onlayn görüşün təşəbbüskarı Almaniya kansleri Fridrix Merz olub.
Putinlə Tramp arasında görüşün avqustun 15-də Alyaskada baş tutacağı gözlənilir. Avqustun 8-də Amerika lideri bildirib ki, Birləşmiş Ştatlar “üç il yarımdır ki, uğrunda döyüşlər gedən” ərazilər məsələsini öyrənir və “bir növ mübadilə” gözləyir. Avqustun 9-da Zelenski bildirib ki, ərazi məsələlərinin cavabı artıq Ukrayna konstitusiyasında var və “heç kim bundan geri çəkilməyəcək”.