Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaqbackend

Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığının rəqəmsallaşdırılması üzrə elmi-tədqiqat ekspedisiyasına start verilib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunub saxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildə öyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə Dağ Yəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyata keçirilir. Ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15 nəfərlik mütəxəssis qrupu iştirak edir.

Tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planının hazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin, məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemə daxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiq xəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri, ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərinin elektron bazaya daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatə edən 3 yəhudi qəbiristanlığı mövcuddur. Burada 3000-dən artıq məzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından da əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdə Rusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşar ekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak, Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağ yəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşı sənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindən olan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl Qırmızı Qəsəbəyə köç edənlərdir.

Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloq vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəli yəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görmək və ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanı qazanacaqlar.