ABŞ-ın Hindistan mallarına tətbiq etdiyi kəskin idxal rüsumlarının artımı Rusiyadan neft alışlarının davam etməsi ilə əlaqələndirilsə də, bunun məntiqi izahı yoxdur.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bildirib.
O diqqətə çatdırıb ki, Hindistan Rusiya neft və qazının əsas alıcısı deyil, Avropa ölkələri və Çinlə müqayisədə daha az paya malikdir. Nazir əlavə edib ki, hələ yaxın keçmişdə ABŞ əks mövqedən çıxış edir, hətta Hindistanın Rusiyadan enerji resursları almasını dəstəkləyirdi.
“Biz elə bir ölkəyik ki, son illərdə amerikalılar dəfələrlə dünya enerji bazarlarının sabitləşdirilməsi üçün, o cümlədən Rusiyadan neft alınmasının vacibliyini vurğulayıblar”, – Cayşankar deyib.
Onun sözlərinə görə, Hindistan tərəfi ABŞ-ın bu bəyanat və qərarlarını təəccüb və çaşqınlıqla qarşılayıb.