Qərb mediası Ermənistanın yüksək vəzifəli şəxslərinə qarşı ciddi ittihamlarla çıxış edib. VT Foreign Policy nəşri yayımladığı araşdırmada iddia edir ki, ölkənin siyasi elitası və güc strukturlarında təmsil olunan bir sıra şəxslər gizli şəkildə azyaşlılara qarşı zorakılıq və istismarla məşğul olan şəbəkənin iştirakçılarıdır.
NOCOMMENT.az xəbər verir ki, nəşrin əldə etdiyini bildirdiyi sənədlər arasında yazışmaların skrinşotları, daxili fayllar və müxtəlif arxiv materialları yer alır.
İddialara görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan, baş nazir Nikol Paşinyan və digər yüksək vəzifəli şəxslərin adı bu qalmaqalda hallanır. Məqalədə 2019–2023-cü illərdə baş tutduğu deyilən “qapalı görüşlər”dən və azyaşlı qızların bu tədbirlərə cəlb olunmasından bəhs olunur.
Jurnalistlərin əldə etdiyi sənədlərdə “Simonyan faylları” adlandırılan arxiv də yer alır. Burada guya tədbirlərin iştirakçı siyahıları, azyaşlıların məlumatları və tədbirlərin təşkilati detalları əks olunub. Mənbənin iddiasına görə, bəzi tədbirlərdən fotolar da mətbuata sızıb.
Nəşr həmçinin yazır ki, valideynlərin uşaqların itkin düşməsi ilə bağlı şikayətlərinin bir çoxu qeydiyyata alınmadan bağlanıb. Mətbuata məlumat ötürmək istəyən bəzi jurnalistlərin isə təzyiqlərlə üzləşdiyi bildirilir.
Qeyd edək ki, hazırda bu iddialar yalnız Qərb mediasında yer alıb və Ermənistan rəsmiləri tərəfindən rəsmi təsdiqlənməyib.