ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıbbackend

ATƏT sədri və Baş katibi Minsk qrupunun ləğvini alqışlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ATƏT-in fəaliyyətdə olsan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun Sinirlioğlu Minsk qrupunun ləğv edilməsi haqqında Nazirlər Şurasının qərarını alqışlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat dərc olunub.

“Bu, onilliklərlə davam edən münaqişə və etimadsızlığa baxmayaraq, diplomatiyanın nəyə nail ola biləcəyini bizim diqqətimizə çatdıran tarixi bir irəliləyişdir. Bu onu göstərir ki, tərəflər arasında ortaq zəmin tapmaq üçün lazımi qətiyyət olarsa, razılığa gəlmək mümkündür”, – Baş katib Feridun Sinirlioğlu vurğulayıb.

ATƏT sədri Elina Valtonen isə bir daha Ermənistan və Azərbaycanı münasibətlərin normallaşdırılması və sülhə doğru tarixi razılaşmalar münasibətilə təbrik edib: “Mən vaxt itirmədən bu iki ölkənin müştərək müraciətinə baxdım və proses ərzində hər iki ölkənin mükəmməl səviyyədə göstərdiyi əməkdaşlığını yüksək qiymətləndirirəm”.

ATƏT-in fəaliyyətdə olan sədri və ATƏT-in Baş katibi Ermənistana, Azərbaycana və bütövlükdə regiona davamlı sülh və sabitlik gətirən səylərin dəstəklənməsinə sarsılmaz sadiqliklərini təsdiq ediblər.

Bildirilib ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının qərarı Cənubi Qafqazda dayanıqlı sülh yolunda yeni addımdır.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Sözügedən strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci il tarixindən gec olmayaraq yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb. Qərarda həmçinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ATƏT çərçivəsində vaxtilə qəbul edilmiş bütün qərarlar qüvvədən düşmüş və etibarsız elan edilib.