Minlərlə azərbaycanlını gözləyən risk: bu elana inanmayın! – Xəbərdarlıqbackend

Minlərlə azərbaycanlını gözləyən risk: bu elana inanmayın! – Xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər Almaniyaya “Ausbildung” proqramı ilə getmək istəyən gənclərin sayı xeyli artıb. Bildirilir ki, bu maraqdan sui-istifadə edən bəzi dil kursları onlara lazımi hazırlıq vermədən yola salırlar. Nəticədə yetərli dil səviyyəsi və peşə hazırlığı olmayan minlərlə insan Almaniyada həm təhsil, həm də iş imkanlarından uzaqlaşdırılır, böyük maddi və mənəvi itkilərlə üzləşirlər.

Dil kursları və vasitəçi şirkətlər hansı fırıldaqlara əl ata bilər? Almaniyaya gedən gənclər nə kimi real risklərlə üz-üzə qalırlar?

NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Ceyhun Məmmədov deyib ki, bu məsələdə gənclərimiz xüsusilə diqqətli olmalıdırlar:

“Təəssüf ki, Azərbaycanda təhsil sahəsində də fırıldaqçılıqla məşğul olan şirkətlər və şəxslər fəaliyyət göstərir. Onların yanlış yönləndirmələri gənclərin gələcək planlarına ciddi zərər vurur. Xaricdə, xüsusilə Almaniyada təhsil almaq üçün konkret tələblər mövcuddur və bu şərtlərə əməl etmək vacibdir. Məsələn, dil kurslarına qatılmaq və müəyyən hazırlıq mərhələlərini keçmək tələb olunur. Bu şərtlərə əməl olunmadıqda gənclər həm iş imkanlarından məhrum olur, həm də maddi və mənəvi itkilərlə üzləşirlər. Bu səbəbdən məsləhət görürəm ki, “attestatla xaricdə təhsil” adı altında verilən vədlərə aldanmasınlar. Belə hallarda təhsillərini başa vurduqdan sonra da ciddi problemlərlə qarşılaşa bilərlər. Qərar qəbul etməzdən əvvəl gənclər şərtləri diqqətlə araşdırmalı, şirkətin keçmiş fəaliyyətinə nəzər salmalı və yalnız bundan sonra seçim etməlidirlər”.

Təhsil eksperti Vüsal Kərimli isə bildirib ki, Azərbaycanda hazırlıq və dil kurslarının sertifikatlaşdırılması məsələsinə diqqət edilməlidir:

“Aidiyyəti qurumlar bu kursların sertifikatlaşdırılması və keyfiyyət göstəricilərinə ciddi nəzarəti təmin etməlidir. Kursların fəaliyyət göstərməsi üçün müəyyən tələblərin yerinə yetirilməsi vacibdir. Yalnız qanunvericiliyə uyğun şəkildə işləyən kurslar cəmiyyət üçün faydalı ola bilər və bu da keyfiyyətsiz tədrisin qarşısını alar”.

Ekspert qeyd edib ki, məsələ yalnız vergi öhdəliklərinin yerinə yetirilməsi ilə məhdudlaşmamalıdır:

“Əsas diqqət məhz tədrisin keyfiyyətinə yönəlməli və bu sahədə standartların tətbiqi təmin olunmalıdır. Müəyyən təlimatlar hazırlanmalı, kursların hansı şəraitdə və formatda tədris apara biləcəyi dəqiq qaydalarla müəyyənləşdirilməlidir. Bu qaydalara və standartlara riayət olunduğu halda, kursların fəaliyyəti həm daha şəffaf, həm də səmərəli olacaq. Almaniyaya getmək istəyən gənclərin sayı artsa da, bəzi dil kursları və vasitəçilər onları yetərli hazırlıq vermədən göndərir. Bu halda gənclər həm dil, həm də peşə bilikləri çatışmadığı üçün sözügedən ölkədə təhsil və iş imkanlarından kənarda qala bilərlər. Real risklər arasında saxta sertifikatlar, düzgün məlumat verilməməsi və proqramdan erkən çıxmaq halları var”.