Bəzi ölkələrdə ictimai nəqliyyat gecə-gündüz işləyir, vətəndaşlar istənilən saatda rahat hərəkət edə bilirlər. Azərbaycanda isə ictimai nəqliyyat gecə saatlarında dayanır. Bəs paytaxt Bakıda ictimai nəqliyyatın 24 saat fəaliyyət göstərməsinə ehtiyac varmı? Bu, həm sərnişinlərin rahatlığı, həm də şəhərin iqtisadi həyatına necə təsir göstərə bilər?
NOCOMMENT.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Düşünmürəm ki, hazırda Azərbaycanda ictimai nəqliyyatın 24 saat fəaliyyətinə ehtiyac var. Təcrübə onu göstərir ki, ictimai nəqliyyatın hazırki iş saatlarından sonrakı saatlarda əhalinin metro və avtobuslardan istifadəsi minimum səviyyədədir. Bu təcrübəyə əsaslanaraq demək istəyərdim ki, Bakı digər meqapolislərlə müqayisədə çox kiçikdir və buna görə də istimai nəqliyyatının 24 saat fəaliyyətinə hələlik ehtiyac duyulmur”.
Ekspert qeyd edib ki, gələcəkdə Azərbaycanda əhalinin iş saatlarında hansısa dəyişikliklər edilsə, ictimai nəqliyyatın 24 saat fəaliyyətinə ehtiyac ola bilər.
“Gələcəkdə əhali sayı nəzərə alınaraq monitorinq aparılarsa və həqiqətən də buna məhz Azərbaycanda da ehtiyac olduğu müəyyən olunarsa, zərurət səbəbilə belə bir qərar verilə bilər. Amma hazırda ehtiyac olmadan əlavə xərcin yaradılması ağılabatan deyil”.