Qəzadan sonra dəymiş ziyana görə “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsünə 5204 manatlıq akt tərtib olunub…
Ancaq, sürücü bununla razılaşmır və elə buna görə də “Xəzər Xəbər”ə müraciət edib.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Bakıda sərnişindaşıma ilə məşğul olan “BakuBus” MMC-yə məxsus avtobusun iştirakı ilə qəza baş verib.
Hadisə 99 JA 696 dövlət nömrə nişanlı avtobusun sürücüsü Murad Bayramovun idarə etdiyi nəqliyyat vasitəsində qeydə alınıb.
Sürücünün sözlərinə görə, avtobus hərəkətdə olarkən qəfil arxaya gedib və nəticədə qəza baş verib. Hadisə zamanı avtobusun arxa hissəsində yerləşən şüşə sınıb. Sürücü deyir ki, “BakuBus” MMC hadisə ilə bağlı akt tərtib edib və onun maaşından hər ay müəyyən məbləğ tutulur.
Murad Bayramov iddia edir ki, qəza onun səhlənkarlığı səbəbindən deyil, avtobusun sürətlər qutusunda yaranmış texniki nasazlıq ucbatından baş verib.
Sürücünün iddiaları ilə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, hazırda baş vermiş qəza ilə bağlı araşdırmalar davam edir.
“BakuBus” MMC-dən o da qeyd edildi ki, sürücü barəsində hər hansı cərimə aktı tərtib edilməyib, iddialar həqiqəti əks etdirmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.