Ətin qiyməti 30 manata çata bilər: Nə baş verir?backend

Ətin qiyməti 30 manata çata bilər: Nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda dana ətinin qiymətlərində müşahidə olunan artım sadəcə bazar oyunlarının nəticəsi deyil. Əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov sosial media hesabında paylaşıb.

O qeyd edib ki, qiymətlərin yüksəlməsinin əsas səbəbi torpaq resurslarının idarəçiliyi, əhali artımı və yem bazasının zəifləməsi ilə bağlıdır.

“Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adam başına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir. Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb”.

“Amma məsələ ondadır ki, problem hələ də qalır”, – deyən E.Əmirov söyləyib ki, problemin həlli üçün daha ciddi addımlar atmaq lazımdır:

“Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. Eyni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgüsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının əksər sahələri əziyyət çəkəcəkdir”.

E.Əmirov bildirib ki, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxundu. O qeyd edib ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çata bilər:

“Çünki, səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil. Əslində, qlobal inflyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.\\KONKRET.az