Marketdə 3 manata, evin yanında 50 qəpiyə – Su aparatlarından gələn sular keyfiyyətlidir?backend

Marketdə 3 manata, evin yanında 50 qəpiyə – Su aparatlarından gələn sular keyfiyyətlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəhərin müxtəlif yerlərində, xüsusilə də yaşayış binalarının altında tez-tez su aparatlarına rast gəlirik. Cəmi 50 qəpik və ya 1 manat qarşılığında 5 litr və daha çox su əldə etmək mümkündür. Bu baxımdan qiymət, marketlərdə satılan qablaşdırılmış sulardan xeyli ucuz görünür. Maraqlıdır, bu aparatlardan aldığımız suyun mənbəyi haradandır? Onun keyfiyyəti necə yoxlanılır və bu sular dövlət tərəfindən müəyyən olunmuş standartlara cavab verirmi? 

NOCOMMENT.az xəbər verir ki, “Refresh Group” MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov Valyuta.az-a bildirdi ki, su aparatlarının əksəriyyəti şəhər su təchizatı sisteminə qoşulur və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən təmin edilən içməli sudan istifadə edir: “Bəzi hallarda özəl operatorlar tərəfindən filtrasiya edilmiş quyu suyu və ya yerli mənbələrdən alınan su da istifadə oluna bilər. Aparatın üzərində və ya yaxınlığında suyun mənbəyi, filtrasiya üsulu və texniki pasportu barədə məlumat verilməlidir. Təəssüf ki, bu məlumatlar hər zaman şəffaf və əlçatan olmur”.

Ekspert deyir ki, su aparatlarından alınan suyun keyfiyyəti bir neçə istiqamətdə yoxlanılır: “Rəsmi olaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) suyun fiziki, kimyəvi və mikrobioloji göstəricilərinə nəzarət edən əsas qurumlardır. Bundan əlavə, Sanitar-Epidemioloji Xidmət mikrobioloji təhlükəsizlik və ictimai sağlamlıqla bağlı nəzarəti təmin edir. Belə ki, mərkəzi və regional laboratoriyalar vasitəsilə aparılan testlər nəticəsində suyun təhlükəsizliyi qiymətləndirilir. Əgər aparat özəl şirkət tərəfindən idarə olunursa, həmin operatorun müstəqil laboratoriya testləri aparması tövsiyə olunur. Lakin bu proses məcburi deyil və bəzən nəzarətsiz qalır”.

Onun sözlərinə görə, suyun keyfiyyəti AZS 929:2010 və AZS 395:2009 kimi dövlət standartlarına uyğun olmalıdır.

S.Qafarov qeyd etdi ki, aparatdan su almazdan əvvəl üzərindəki etiket, filtrasiya sistemi və texniki məlumatlar yoxlanılmalıdır: “Əgər aparatın mənbəyi, filtrasiya üsulu və son yoxlama tarixi göstərilməyibsə, belə suyun istifadəsi risk daşıya bilər. Qiymət ucuz olsa da, əsas diqqət hər zaman suyun keyfiyyəti və təhlükəsizliyinə yönəldilməlidir. Qablaşdırılmış sular adətən daha sərt nəzarət altında olur, lakin aparat sularının da düzgün idarə edildiyi halda təhlükəsiz ola biləcəyini qeyd edir”.