Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtomobil nəqliyyatı üçün yeni qaydalar müəyyənləşir. Məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilən “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, ümumi istifadədə olan sərnişin avtomobil nəqliyyatına, habelə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinə dair ümumi tələblər avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən olunacaq.
NOCOMMENT.az referans.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bu sahənin vahid qurum tərəfindən idarə olunması ilə bağlı proses 3-4 ildir ki, müzakirə olunur. Bu istiqamətdə iş getsə də bir çox çatışmazlıqlar da mövcuddur. Bu həm qiymət dəyişikliyinə həm də ümumi sistem nəzarətsizliyinə səbəb olurdu. Nəticədə də bu problem ictimai qınağa obyektinə çevrilirdi.
Ekspert hesab edir ki, bu məsələ ilə bağlı yeni yaradılacaq quruma və ya hansısa faktiki quruma səlahiyyətlər veriləcək. Düşünürəm ki, burada artıq qeyri- mütənasib bir iş olmayacaq. İstər sərnişin daşınmada istərsə də xaotik vəziyyətlərin olduğu yerlərdə vəziyyət stabilləşəcəkdir. Sual oluna bilər ki, bu sahə ilə bağlı məsul olan qurumlar var idi axı yenisinə nə ehtiyac var? Amma görünür ki, buna ciddi zərurət var.
Aslan Əsədov onu da diqqətə çatdırıb ki, burada əsas məsələ sərnişindaşınmanın meqapolis səviyyəsində təşkilinin təmin olması önəmlidir. İstənilən sərnişin evindən çıxdığı andan və geridönüş etdiyi vaxta qədər olan zamanını rahat şəkildə keçirə bilsin. Əsas odur ki, vətəndaşlar vaxta qənaət etməklə ictimai nəqliyyatdan faydalana bilsinlər.