“MEDSOL” Məhdud Məsuliyyətli Cəmiyyəti son dövrdə Azərbaycanda bir sıra iri dövlət tenderlərini qazanaraq tibbi avadanlıq və laboratoriya xidmətləri sahəsində fəaliyyətini genişləndirib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası üçün elan edilən avadanlıqların satınalınması tenderində qalib gələn şirkətlə bağlanacaq müqavilənin məbləği 79.992,2 AZN-dir. Tender çərçivəsində xəstəxanaya nəmləndirici cihazlar, xəstəbaşı monitorlar, osmos sistemi, dərman soyuducuları, paltar yuma və qurutma maşınları, elektrik əsaslı istilik səthləri və digər tibbi avadanlıqlar alınacaq.
Araşdırmalar göstərir ki, MEDSOL MMC son illərdə həm adını, həm də qanuni təmsilçilərini bir neçə dəfə dəyişib; şirkət əvvəlcə 03.03.2014 tarixində “PAY” MMC, 30.08.2016 tarixində “ALO 24” MMC və nəhayət 05.05.2021 tarixindən indiyə qədər “MEDSOL” MMC adı ilə fəaliyyət göstərir. Şirkətin qanuni təmsilçiləri dəfələrlə dəyişib; Hacıyev Cavid Şahbəndər oğlu 04.09.2013 tarixində, Həsənli Əlamət Həzrətqulu oğlu 12.10.2016 tarixindən, Həsənov Emil Elxan oğlu 05.05.2021 tarixindən, Həsənli Əlamət Həzrətqulu oğlu eyni tarixdə, Məmmədov Məmməd Qədir oğlu 23.09.2021 tarixindən, Həsənov Emil Elxan oğlu yenidən 23.09.2021 tarixindən, Salmanov Qabil Nazim oğlu isə 18.08.2022-ci ildən indiyə qədər şirkətin qanuni təmsilçisi kimi qeyd olunub. Hazırda şirkətin nizamnamə kapitalı 24 milyon AZN-dir.
Bundan əlavə, şirkət bir neçə gün öncə “İnnovasiya və Təchizat Mərkəzi” PÜ ilə 3 tibb mərkəzi üzrə “Klinik biokimya, hormon, seroloji, immunoloji və digər laboratoriya testləri”nin satın alınması üçün 20.901.450,99 AZN-lik müqavilə bağlayıb. Eyni zamanda, “Səhiyyənin Təminat Mərkəzi” PÜ ilə xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan müxtəlif tibbi ləvazimat və sərfiyyat materiallarının alınması üzrə 3.597.054,56 AZN-lik müqavilə imzalayıb.
Beləliklə, “MEDSOL” MMC son illərdə Azərbaycanda tibbi avadanlıq və laboratoriya xidmətləri sahəsində iri dövlət tenderlərinin qalibi kimi çıxış edir və maliyyə baxımından güclü şirkət kimi diqqət çəkir.