Azərbaycanda telekommunikasiya bazarı çöküş ərəfəsindədir. Xüsusilə də ölkənin ən iri mobil operatoru Azercell abunəçiləri gündəlik olaraq eyni şikayəti dilə gətirirlər: ödəniş etdikləri internet paketləri bir neçə dəqiqənin içində “yoxa çıxır”.
NOCOMMENT.az azerbaycanrealligi.az-a istinadən xəbər verir ki, texniki baxımdan bu, absurddur. Heç bir istifadəçi bir neçə dəqiqəyə bütün internet paketini tükətmək imkanına malik deyil. Bu, açıq-aşkar müştərinin cibinə girmək, yəni aldatmaq deməkdir. Bunun fonunda isə şirkət qiymətləri durmadan artıraraq insanları həm maddi, həm də mənəvi baxımdan istismar edir.
Ən acınacaqlısı budur ki, nəzarət orqanları susur. Prezident yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə faktiki olaraq fəaliyyətsizdir. Bu isə cəmiyyətə bir sual diktə edir: kimlər və hansı maraqlar naminə Azercell-in müştəriləri açıq şəkildə soyub-talama siyasətinə göz yumur?
Azərbaycan vətəndaşları artıq seçim imkanından məhrum ediliblər. Keyfiyyətsiz və baha xidmətlərə məcbur edilən insanlar gündəlik həyatlarında ciddi problemlərlə üzləşirlər. İnternetin keyfiyyətinin aşağı düşməsi və qiymətlərin artması ölkənin rəqəmsal inkişafını sıradan çıxarır, ictimai etimadı isə tamamilə sarsıdır.
Bu, sadəcə bir şirkət böhranı deyil – bu, dövlət səviyyəsində laqeydliyin və ictimai etimadın sarsılmasının göstəricisidir.