Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə rəhbəri Kaya Kallas bildirib ki, Rusiya Prezidenti Vladimir Putin “Qərbin səbrini sınayır”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə X-də Estoniyanın hava məkanını rus hərbi təyyarələrinin pozması ilə bağlı açıqlama verərkən bildirib.
Kallasın sözlərinə görə, bu hadisə “son dərəcə təhlükəli provokasiyadır”. Aİ xarici siyasət rəhbəri vurğulayıb ki, bu, son günlərdə Avropa İttifaqına üzv ölkənin hava məkanının üçüncü dəfə pozulmasıdır.
“Estoniya hökuməti ilə sıx əlaqədəyəm. Biz üzv dövlətlərimizi Avropa resurslarından istifadə etməklə müdafiə qabiliyyətlərinin gücləndirilməsində dəstəkləməyə davam edəcəyik. Putin Qərbin qərarlılığını sınayır. Biz zəiflik göstərməməliyik”, – deyə Kallas yazıb.