UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri arasında görüş keçirilib.
NOCOMMENT.az məlumatına görə, görüşdə “Qarabağ” klubunu prezident Tahir Gözel, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.
“Kopenhagen”in prezidenti Lars Seier, Stadion və obyektlər üzrə direktor Brian Mansson, Klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıb.
Burada təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.
Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.
Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.