“OpenAI” şirkətinin süni intellektlə video yaradan tətbiqi “Sora” cəmi iki gün ərzində ABŞ “App Store” reytinqinin zirvəsinə qalxıb. Beləliklə, proqram ChatGPT və “Google Gemini” kimi nəhəngləri də geridə qoyub.
NOCOMMENT.az xəbər verir ki, “Appfigures” analitik platformasının məlumatına görə, “Sora”nı ilk sutkada 56 min, iki gün ərzində isə ümumilikdə təxminən 164 min “iPhone” istifadəçisi yükləyib. Bu göstərici ChatGPT də daxil olmaqla bir çox digər süni intellekt tətbiqlərinin debüt nəticələrini üstələyib.
“Sora by OpenAI” tətbiqi sentyabrın 30-da təqdim edilən “Sora 2” neyrovideo modeli əsasında işləyir. Yeni model kino keyfiyyətində videolar yarada bilir, istifadəçilərin üz və səslərini dəqiq şəkildə təqlid edir və fizika anlayışında da əvvəlkindən xeyli inkişaf edib.
Mobil tətbiq “TikTok”a bənzər şəkildə qurulub: istifadəçilər süni intellektlə yaradılmış videoları izləyə və öz lentlərini fərdiləşdirə bilirlər. Lakin adi kamera ilə çəkilən videoları yükləmək burada mümkün deyil.