HƏMAS qruplaşması ABŞ prezidenti Donald Trampın təklif etdiyi mübadilə planı çərçivəsində bütün israilli girovları — həm sağ, həm də həlak olanları — azad etməyə hazır olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “Al Jazeera” media şirkəti islamçıların açıqlamasına istinadla yayıb.
“Döyüş əməliyyatlarının dayandırılması və İsrail qoşunlarının Qəzza sektorundan tam çıxarılmasına nail olmaq üçün Hərəkat prezident Trampın təklifindəki mübadilə formuluna uyğun olaraq bütün israilli məhbusları — həm sağ, həm də ölü — azad etməyə razı olduğunu elan edir”, — bəyanatda deyilir.
Donald Tramp öz növbəsində bəyan edib ki, girovların təhlükəsiz azad olunması üçün İsrail dərhal Qəzza sektoruna bombardmanı dayandırmalıdır. Onun fikrincə, HƏMAS-ın bəyanatına əsasən, hərəkat uzunmüddətli sülhə hazır görünür.
“Hazır mərhələdə girovların Qəzzadan çıxarılması üçün şərait olduqca təhlükəlidir, təhlükəsizlik məsələləri müzakirə mərhələsindədir”, — Tramp yazıb.
Trampın rəsmi sülh planına əsasən, İsrail bu bölgəni işğal etməyəcək, Qəzza “terrordan və qonşulara qarşı təhdidlərdən azad edilmiş, radikalizmdən uzaq zona”ya çevriləcək.
ABŞ tərəflər arasında regionun siyasi gələcəyi barədə dialoqa təşəbbüs göstərəcək, HƏMAS üzvləri isə istəsələr, üçüncü ölkələrə təhlükəsiz keçid alacaqlar. Müvəqqəti idarəetmə Donald Tramp və Toni Bleyerin nəzarəti altında yaradılmış “Sülh Şurası”nın rəhbərliyi ilə texnokratik komitə tərəfindən həyata keçiriləcək, bölgə sakinləri isə bərpa işlərində qalmağa təşviq olunacaqlar.