Elçiliyə onlar gedibmiş… – Kübra ilə afrikalı futbolçunun hekayəsibackend

Elçiliyə onlar gedibmiş… – Kübra ilə afrikalı futbolçunun hekayəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan I Liqasında çıxış edən “Difai” klubunun kamerunlu futbolçusu Kristian Kamtanın Kübra adlı azərbaycanlı xanımla nişanlanması maraqla qarşılandı. Oktyabrın 2-də Bakıda baş tutan cütlüyün şad günündə klub rəsmiləri də iştirak edib.

NOCOMMENT.az Teleqraf-a istinadən 21 yaşlı hücumçu ilə müsahibəni təqdim edir:

– Kristian, əvvəlcə bizə tanışlıq hekayəniz barədə danışın…

– Biz işlə əlaqədar tanış olmuşuq. Mən Kübraya Teleqram vasitəsilə yazdım, qidalanma ilə bağlı kömək istədim. Sonra o, məni ofisinə dəvət etdi. Dedi ki, “əgər işləyəcəyiksə, bubarədə klub rəhbərliyinə məlumat verin”. Görüşdən sonra ona mesaj yazdım: “Səni çox bəyəndim və tanış olmaq istəyirəm”. O vaxt işinə çox fokuslandığı və karyera yüksəlişi yaşadığı üçün mənə “yox” dedi. Amma iş birliyinə razılaşdı. Komandası ilə çöldə vaxt keçirirdilər, mən də bəzən onlara qoşulurdum. Fərqli millətdən olduğum üçün Kübra məni komandası ilə birlikdə vaxt keçirməyə dəvət edirdi. Onun mərhəmətini, insanlara, xüsusilə mənə qayğısını çox bəyəndim. İlk gündən demişdim ki, “məni sevməyin üçün əlimdən gələni edəcəyəm və biz ailə olacağıq”. Beləcə, üç ay sonra qərara gəldik ki, ailə qura bilərik. Münasibətimiz başlayandan sonra Kübra həm Bakıdakı, həm də rayonlardakı bütün oyunlarımıza gəlir…

– Bəs ailəniz bu münasibətə reaksiyası necə oldu?

– Anama şəklini göstərdim, bəyəndi. Dedi ki, “gözəl qızdır, amma ən əsası onun yaxşı xarakterə və düzgün düşüncəyə sahib olmasıdır”. Yəni tandıqıca bir-birini daha çox sevdilər və hörmət edirlər. Həm də özümün xəyalı ağdərili xanımla evlənmək idi.

– Bəs Kübra xanımın ailəsi bu izdivaca necə yanaşdı?

– Ən çox atasının sərt reaksiyasından qorxurdu. Əvvəlcə bacısı ilə tanış etdi, anası isə bir az narazı idi. Bu, daha çox ailə mentaliteti ilə bağlı idi. Sonra anası dedi ki, “önəmli olan insanlığıdır”. Ailədə ən istiqanlı davranan isə atam oldu, Dedi ki, əsas odur, qızımı xoşbəxt et.

– Bürcləriniz hansılardır?

– Mən Xərçəng, Kübra isə Oğlaq bürcündəndir. Bir-birimizi çox yaxşı tamamlayırıq.

– Ailələrinizdə futbola maraq varmı?

– Kübranın atası futbola çox baxır. Ailələrimizdə futbolla məşğul olan yoxdur. Uşaq vaxtı böyük qardaşımla oynayırdım, o, mənə çox yaxşı ötürmələr verirdi.

– Nişan mərasimində valideynləriniz iştirak etdi?

– Yox, səfər çətinliyinə görə gələ bilmədilər. Amma ikinci ailəm saydığım klub prezidentimiz Asəf Məlikov həyat yoldaşı ilə bərabər elçilik etdi.

– Daha əvvəl münasibətinizdən xəbərdar idilər?

– Bəli. Bakıda bir oyundan sonra demişdim ki, “bu, qız dostumdur”. O da zarafatla soruşdu ki, “Toy nə vaxtdır?” Həmin vaxt biz hələ tanışlıq mərhələsində idik. Bizim klubda rəhbərliklə futbolçular bir ailə kimidir. Hətta dedi ki, “nə vaxt istəsən, elçiliyə özüm gedərəm”.

– Deməli, elçiliyi klub prezidenti edib?

– Bəli, o, ailəm kimi həyat yoldaşı ilə bərabər gedib Kübranı istədi. Həmin gün təsadüfən onların da nikahının 32 ili tamam olurdu.

– Bir-birinizi necə anlayırsınız?

– Biz fransızdilliyik, amma mən də, o da ingiliscə danışırıq. Kübra bacımla vatsapda görüntülü danışır, ailəmlə də tanış olur. İngilis dilimizi daha da təkmilləşdirməyə çalışırıq. Gələcəkdə Azərbaycan dilini də öyrənmək istəyirəm. Bəzi sözləri bilirəm: “Salam”, “necəsən”, “çox sağ ol”, “səni sevirəm” və s.

– Futbolçu karyeranıza harada başlamısınız?

– Vətənimdə başlamışam. Nigeriyada, sonra Moldovada çıxış etmişəm. 2023-cü ilin noyabrından “Difai” klubundayam.

– Yayda İraqın “Al-Karh” klubuna transfer olsanız da, iki ay sonra Azərbaycana qayıtdınız. Geriyə dönməyinizin səbəbi nə oldu?

– Bu, karyeram üçün yaxşı fürsət idi, dəyərləndirmək istədim. Peşəkarlıq mənim üçün önəmlidir. Gedərkən demişdim ki, şəraitimi yaxşılaşdırıb Kübranı da aparacağam. Amma oradakı münasibət və mühit mənə uyğun olmadı. Burada daha çox ailə atmosferi olduğuna görə geri döndüm.

– Bir neçə ay öncə irqçiliklə üzləşdiyinizi bildirərək FIFA və UEFA-ya müraciət etmişdiniz. Həmin vaxt nə baş vermişdi?

– Ötən mövsüm “Mingəçevir” klubuna qarşı çempionat oyununda baş hakim Fərid Hacıyevin mənə qarşı qərəzli davrandığını hiss etdim. Mənə olan bütün qayda pozuntularına göz yumurdu. Düşündüm ki, bəlkə bu, mənim şəxsiyyətimlə bağlıdır, ya da irqçilikdir. Amma məktubumda yazmamışdım ki, Azərbaycanda irqçilik var. Sadəcə, həmin hakimin davranışının səbəbini bilmək istədim. Ümumiyyətlə, burada irqçiliklə rastlaşmamışam, münasibət həmişə müsbət olub. Amma o oyundakı vəziyyət fərqli idi.

– Cavab almısınız?

– Hələlik heç bir cavab gəlməyib.

– Ombudsmanın bu məsələyə müdaxiləsi necə oldu?

– O, özü mənimlə əlaqə saxladı və məsələni araşdırmaq istədiyini bildirdi. Məni çox xoş qarşıladı. AFFA-ya da sorğu göndərildi, araşdırma başladı. Bundan sonra müsbət dəyişikliklər oldu. Hakim səhv edə bilər, amma qərəzli münasibətlə bir daha rastlaşmadım.

– Azərbaycanla bağlı təəssüratlarınızı da bilmək maraqlı olardı…

– Bura ilk dəfə gələndə bəyənməmişdim. İnsanlar azərbaycanca danışırdı, mənim isə ana dilim fransızcadır, tərcümədə çətinlik yaranırdı. Amma Kübra ilə tanış olandan sonra Bakını daha çox sevməyə başladım. Bağdaddan qayıtdıqdan sonra isə Azərbaycanın qədrini daha çox bildim (gülür). Burada insanlar istiqanlı, şəhər isə müasir və rahatdır.

– Bakının hansı tərəfi daha çox diqqətinizi çəkib?

– Əvvəl gəzməyi sevmirdim, amma ilk dəfə Bakını Kübra ilə gəzdim. Yəni Bakını ilk dəfə onunla kəşf etdim. Ən çox Bulvarı və İçərişəhəri bəyəndim. Gələcəkdə birlikdə Azərbaycanın müxtəlif bölgələrini gəzəcəyik.

– Hansı rayonlarımıza getmək istərdiniz?

– Şəkini çox bəyənirəm. Çünki qədimi şəhərdir. Amma Kübra məni ilk olaraq Salyana aparacaq. Orada balıq yeməkləri məşhurdur. Bizdə, Kamerunda da dəniz məhsulları çox yeyilir. Kübra mənə “Salyanda balıq qonaqlığı verəcəyəm” deyib (gülür).

– Dininiz fərqlidir, bu, münasibətinizə təsir etmir?

– Mən xristianam, o isə müsəlmandır. Amma bu, bizim üçün problem deyil. Əsas olan qarşılıqlı hörmət və anlayışdır.

– Toy nə vaxtdır?

– Növbəti ay planlaşdırırıq. Sadə, gənclər üslubunda mərasim olacaq. Xüsusi adət-ənənələrə bağlı qalmayacağıq. Adət-ənənələrlə getsək, böyük fərqlər yaranacaq.