“Prezident İlham Əliyevin müvafiq tapşırığı və ayrılmış vəsait hesabına 2022-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsində Genetik araşdırmalar mərkəzinin yaradılması ölkə rəhbərinin bu sahəyə böyük önəm verdiyini bir daha təsdiqləyir. Qısa müddətdə, adıçəkilən mərkəz müasir avadanlıqlarla təmin edilmiş və bacarıqlı kadr potensialı işə cəlb edilmişdir”.
NOCOMMENT.az xəbər verir ki,bunu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev deyib.
Sədr qeyd edib ki, sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanmış, ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilmişlər:
“Onlardan 187 nəfər barədə artıq məlumat ictimaiyyətə açıqlanmış, nəşləri ailələrinə təhvil verilmiş, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər.
Qazıntılarda aşkarlanmış meyit qalıqları ilə bağlı aparılmış ilkin təqdiqatlar və antropoloji müayinələr bu şəxslərin I Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılara aid olduğunu sübut etmişdir. Hazırda aşkar edilmiş digər meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində Dövlət Komissiyası tərəfindən zəruri işlər davam etdirilir”.
Ə.Nağıyev qeyd edib ki, qısa müddətdə Dövlət Komissiyası tərəfindən işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərə aid meyit qalıqlarının axtarışı, qazıntı və ekshumasiya sahəsində müəyyən işlər həyata keçirilsə də, işğal dövründə ərazilərin mina və partlamamış sursatlarla həddindən artıq çirkləndirilməsi, infrastrukturun, yaşayış məntəqələrinin, qəbiristanlıqların, o cümlədən itkinlərə aid məzar yerlərinin dağıdılması prosesə ciddi əngəl yaradır:
“Qeyd etdiyim səbəblərə görə hətta məzar yerləri barədə Dövlət Komissiyasına məlumat verən hadisə şahidləri belə, ərazilərə aparılarkən onlara məlum olan dəfn yerlərini dəqiq göstərə bilmirlər”.