Vida mərasimindən sonra Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
***
Xalq artisti Əminə Yusifqızı ilə Təzəpir məscidində keçirilən vida mərasimi başa çatıb.
NOCOMMENT xəbər verir ki, onun nəşi dəfn edilmək üçün “Qurd qapısı” qəbiristanlığına yola salınıb.
***
Xalq artisti Əminə Yusifqızı ilə Təzəpir məscidində vida mərasimi keçirilir.
Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Əminə Yusifqızının Azərbaycan poeziyasına, ədəbiyyatına və mədəniyyətinə böyük töhfə verdiyini vurğulayıb:
“Əminə xanım hamımızın qəlbində yaşayacaq. O, Azərbaycan poeziyasını, ədəbiyyatını və mədəniyyətini ən gözəl formada çatdıran bir nümunə kimi xatirəmizdə olacaq. Onun özündən sonra tələbələri, davamçıları var. Əminə xanımın ruhu şad olsun. Ümid edirəm ki, onun qiraətləri hər zaman yaşayacaq”.
Xalq artisti Təranə Muradova Əminə Yusifqızının Azərbaycan mədəniyyətində silinməz izlər qoyduğunu bildirib:
“O, mədəniyyətdə böyük izlər qoyan bir xanımdır. Onun səsi, onun şeirləri hər zaman yaşayacaq. Ömrünün axırına qədər şeir dedi. Onun sonuncu sözü o olub ki, “Mən anamın yanına getmək istəyirəm”. Baxmayaraq ki, yaşı çox idi, amma çox güclü xanım idi”.
***09:41
Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi bu gün saat 12:00-da Təzəpir məscidində keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Xalq artisti Əminə Yusifqızı “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti ötən gün 89 yaşında vəfat edib.