Şəkidə 8 aylıq döl tələf olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə körpəsini itirən Şəkinin Kiçik Dəhnə kənd sakini Dilarə Süleymanovanın yaxını Mahir Məmmədov sosial şəbəkə hesablarında video paylaşıb.
Ailə baş verən hadisədə həkimləri ittiham edir. İddialara görə, ananın vəziyyətinin pisləşdiyini görən ailə üzvləri təcili yardım çağırıb, lakin gəlmədiyi üçün bu hadisə baş verib: “Dedilər ki, iki təcili yardım var, onlar da məşğuldurlar. Axırda özüm gətirdim, Şəki xəstəxanasında uşağı tələf etdilər”.
Qafqazinfo məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. TƏBİB-dən bildirildi ki, oktyabrın 8-i saat 12:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, Kiçik Dəhnə kəndindən pasiyentin yaxını tərəfindən hamilə qadının xəstəxanaya müayinə məqsədilə aparılması üçün təcili tibbi yardım avtomobili istənilməsi barədə müraciət daxil olub: “Çağırış üzrə dispetçer tərəfindən vətəndaşa bildirilib ki, xəstələrin müayinə məqsədilə tibb müəssisəsinə aparılması Təcili Tibbi Yardım xidmətinin fəaliyyət profilinə daxil deyil və həmin vaxt stansiyada olan bütün ambulans briqadaları digər çağırışların icrasında olub. Çağırışın imtinası qeydə alınıb.
Qısa müddət sonra xəstənin yaxınlarından biri çağırış üzrə tibb bacısına müraciət edərək xəstəni öz nəqliyyat vasitələri ilə tibb müəssisəsinə aparacaqlarını bildirib və çağırışdan imtina edib.
Saat 12:50 radələrində isə xəstənin digər yaxınlarından (qadın cinsli) biri 103 “Çağrı Mərkəzinə” zəng edərək, artıq hamilə qadının tibb müəssisəsinə çatmaq üzrə olduğunu məlumat verib. Məlumatın yanlış müəssisəyə ünvanlandığı müəyyən edilib. Daha sonra ölü dölün morqa təhvil verilməsi üçün müraciət olunub.
Qeyd edirik ki, xəstələrin müayinə məqsədilə tibb müəssisəsinə aparılması, eləcə də meyitlərin daşınması Təcili Tibbi Yardım xidmətinin fəaliyyət istiqamətlərinə daxil deyil”.