ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda Cənubi Koreyada Çin lideri Si Cinpinlə görüşmək niyyətində olduğunu təsdiq edib. Hər iki tərəf ticarət mübahisələrindən doğan gərginliyi azaltmağa çalışırlar.
NOCOMMENT.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ABŞ-ın maliyyə naziri Skott Bessent açıqlama verib.
Növbəti fikir ayrılığı ötən cümə axşamı Çin tərəfindən nadir torpaq metalları ixracına nəzarətin ciddi şəkildə sərtləşdirilməsi barədə bəyanatdan sonra yaranıb. “Reuters” yazır ki, Donald Trampın cümə günü bəyan etdiyi sərt cavab tədbirləri bazarlarda və iki nəhəng iqtisadiyyat arasındakı münasibətlərdə kəskin gərginlik yaradıb.
Skott Bessentin sözlərinə görə, həftəsonu ərzində tərəflər arasında məzmunlu danışıqlar aparılıb və yaxın zamanda yeni görüşlər planlaşdırılır.
“Biz gərginliyi əhəmiyyətli dərəcədə azaltdıq”, – deyə Bessent “Fox Business Network”ə müsahibəsində bildirib. “Prezident Tramp bəyan edib ki, tariflər noyabrın 1-dən tez qüvvəyə minməyəcək. O, Çin Kommunist Partiyasının sədri Si Cinpinlə Koreyada görüşəcək. Hesab edirəm ki, bu görüş baş tutacaq”, – deyə o qeyd edib.
Bazar ertəsi dolların məzənnəsində artım qeydə alınıb, çünki investorlar ABŞ-ın cümə günü baş verən satışlardan sonra Çinlə ticarət müharibəsinin növbəti mərhələsini yumşaldacağına ümid edirdilər.
Çinin yeni qaydalarına əsasən, bəzi nadir torpaq metalları və onlarla əlaqəli maqnitləri istehsal edən xarici şirkətlərdən, əgər son məhsul Çin avadanlığı və ya materiallarını ehtiva edirsə və ya onların istifadəsi ilə hazırlanıbsa, Çin ixrac lisenziyası da tələb olunacaq. Bu qayda sövdələşmədə Çin şirkətləri iştirak etməsə belə qüvvədədir.
Cümə günü Trampın gözlənilməz çıxışı qlobal maliyyə bazarlarını sarsıdıb və əsas S&P 500 indeksini 2 faizdən çox azaldaraq apreldən bəri ən böyük birgünlük eniş qeydə alınıb. Həmin vaxt ABŞ Prezidenti tərəfindən tariflərlə bağlı davamlı elanlar bazarda dəyişkənliyi artırmışdı.