15.09.2025 14:22
SOCAR-ın ticarət departamentinin keçmiş rəhbəri Adnan Əhmədzadənin həbsinin ardınca dünən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbs olunması xəbəri ölkəmizdə çox ciddi proseslərin getməsindən xəbər verir.
Uzun illər özünün mediada “boz kardinal” adlandırılmasını böyük həzzlə izləyən, hazırda isə ömrünün qürub çağında olan Ramiz Mehdiyevə qarşı DTX-nin Baş İstintaq İdarəsi tərəfindən cinayət işi başlanılması, ona qarşı çox ağır ittihamların irəli sürülməsi buna dəlalət edir.
Hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama (278-ci maddə), dövlətə xəyanət (274-cü maddə), cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (193-cü maddə) üzrə ittihamlar sübuta yetirilərsə, 87 yaşlı Ramiz Mehdiyevi ümumilikdə 52 il və ya ömürlük həbs cəzası gözləyir.
Əslində dünən axşam saatlarında ölkənin gündəminə ildırım sürəti ilə düşmüş bu xəbər cəmiyyətimizdə təəccüb doğurmamalıdır. Çünki ictimaiyyətdə çoxdan Ramiz Mehdiyevin müstəqil dövlətimizə qarşı xəyanətlərə yol verdiyi, “Rusiyaya bağlı əsas adam” olduğu fikri hökm sürür.
Cəmiyyətin tanınmış simaları vaxtaşırı Ramiz Mehdiyevin çox təhlükəli qüvvə olduğuna diqqəti cəlb edir, onun dövlətin imkanlarından yararlanaraq vətənpərvər, təmiz və milli dəyərlərə sadiq insanlara qarşı müxtəlif təxribatlar törətdiyini vurğulayırdılar. Üstəlik, Ramiz Mehdiyevin hətta Prezident Administrasiyasından çox mədəni şəkildə uzaqlaşdırılmasından sonra belə məmləkətimizin müxtəlif qurumlarına yerləşdirdiyi xain, milləti bilinməyən, başqa qüvvələrə xidmət edənlər komanda üzvlərinin də hazırda iş başında olduğuna diqqəti cəlb edirdilər.
Tanınmış alim, ölkənin ən gənc professorlarından biri, YAP-ın ilk deputatlarından, məşhur “91”lərdən olmuş Eldar Abbasov 2000-ci illərin əvvəlində ilk dəfə olaraq açıq şəkildə Ramiz Mehdiyevin hakimiyyətə “qara ləkə” olduğunu dilə gətirmişdi. O, Şıx çimərliyi ətrafında qurduğu, açılışında president Heydər Əliyevin də iştirak etdiyi, qaçqınlara, şəhid ailələrinə də xidmət göstərən xəstəxananın əlindən alınmasında birbaşa Ramiz Mehdiyevi günahlandırırdı. O, məhz Mehdiyevin qarşısında baş əymədiyi üçün müxtəlif şər-böhtanlarla üzləşdiyinə diqqəti cəlb edirdi. Eldar Abbasov ölkəmizi Ramiz Mehdiyev kimi qüvvələrdən qurtarmağa çağırış edirdi. Bir müddət sonra həmin xəstəxana alimin əlindən alındı və onun yerində onlarla restoran fəaliyyət göstərməyə başladı. Məhz Ramiz Mehdiyev alimin, həkimin əlindən xəstəxananı alaraq yaxınlarına və ya kimlərəsə restoran tikmək üçün yer verdirdi…
Ramiz Mehdiyev vaxtilə “elmi komunizm” adlı uydurma bir elmlə məşğul olduğunu vurğulayan tanınmış politoloq Eldar Namazovun onu çox kiçik faktla ifşa etməsi isə akademikin saxtakarlıqla məşğul olmasını sübut edirdi.
“Elə Ramiz Mehdiyev cənablarının fəalliyətinə qısa baxış keçirmək lazımdır. AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin tərcümeyi-halı yerləşdirilib. Orada iki dəfə qeyd olunub ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bəs bu Nyu-York Elmlər Akademiyası nə təşkilatdır? Prezidentin köməkçisi vəzifəsində işləyəndə bu təşkilatdan mənə məktub gəlmişdi. Orada qeyd edilirdi ki, əgər 100 dollar ödəsəniz, akademik titulu ala bilərsiniz. 100 dollara sadə kağız, bir az artıq məbləğə isə çərçivənin içində diplom verilir. O vaxt Türkmənistan prezidentinin də Nyu-York Elmlər Akademiyasının üzvü seçilməsi barədə məlumat yayılmışdı. Bundan sonra nüfuzlu media qurumları həmin təşkilatla maraqlanmağa başladı. İndi mən sizə o təşkilatın rəsmi şəxsinin müsahibəsini təqdim edirəm. Müsahibədə həmin təşkilatın rəsmisi deyir ki, bizdə seçki olmur. Kim pul ödəyirsə, ona diplom veririk. Jurnalist təəccüblə soruşur ki, kim istəsə akademik ola bilər? O da cavab verir ki, bəli. Daha sonra jurnalist deyir ki, mənim nəvəm var, orta məktəbdə oxuyur, o da akademiyaya üzv ola bilər. Təşkilatın rəsmisi bildirir ki, bəli və əlavə edir ki, bizdə akdemiyanın üzvü olan şagirdlər də var. Beləliklə, aydın olur ki, bu təşkilat sadəcə diplom satmaqla məşğuldur və bu adamların saxta diplom satanlardan fərqi yoxdur”, – deyə Eldar Namazov “Yeni Sabah” nəşrinə açıqlamasında diqqətə çatdırmışdı.
Onun sözlərinə görə, Azərbaycanda daxildə düşmən axtarmaq, başqa fikirdə olan adamlara “xalq düşməni” damğasını vurmaq ənənələrini elə Ramiz Mehdiyev qoyub. “O hakimiyyətdə təmsil olunanda da bunu gizlətmir, müxtəlif məqalələrində sadalayırdı ki, “5-ci kolon”dan olan adamlar kimlərdir, təşkilatlar hansılardır.
Onun Prezident Administrasiyasının rəhbəri kimi atdığı addımlar nəticəsində yüzlərlə təşkilata müxtəlif təzyiqlər edilir, xeyli adam həbs olunur, nə qədər insan xaricə getməyə məcbur qalırdı. Yəni o vaxtlar bu ideologiyanı gizlətməyən Ramiz Mehdiyev düşünmürdü ki, nə vaxtsa elə bir gün gələcək, onun bu ideologiyası bumeranq kimi özünə qayıdacaq”.
Şübhəsiz, İlham Əliyev hakimiyyətinin Qarabağımızı rus-erməni işğalından birdəfəlik azad etməklə beynəlxalq aləmdə Azərbaycanın mövqeyini daha da güclənməsi düşmənlərimizin və onların ölkəmizdəki tör-töküntülərinin yuxusunu qaçırmışdı. Elə bu yay aylarında Azərbaycan neftinin Rusiyanın xam nefti ilə qarışdırmaqla ölkəmizin imicinə zərbə vurmaq cəhdi də təsadüfi sayıla bilməz.
Yəqin ki, hakimiyyətdə çox gözəl anlayırlar ki, əslində 2019-cu il 19 yanvar tarixində müxalifətin “Məhsul” stadionunda mitinqinin gur keçməsinin arxasında vurulacağının yaxında olduğunu anlayan Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün “qara barmaqları” görünürdü. Çünki həmin mitinqə qatılanlar indiyədək müxalifətə tamamilə tanış olmayan yeni simaların aksiyaya qatılmasından yarı-sevinc və yarı-təəccüblə bəhs edirdilər. Bu yeni simaların hakimiyyətdən narazı olan yüksək vəzifəli məmurlar tərəfindən göndərildiyi, yəqin ki, müxalifətdə də şübhə doğurmurdu.
Əgər xaricdən üfunət, hədyan, çirkab dolu çıxışlarını müxtəlif sosial şəbəkələrdən cəmiyyətimizə sırımağa çalışan bədxah qüvvələrə, özlərini “bloger” adlandıranlara hakimiyyətin yüksək vəzifəli məmurları barədə uydurma məlumatların ötürülməsinin arxasında da Ramiz Mehdiyev kimi yaramaz qüvvələrin dayandığı ortaya çıxarsa, bu, cəmiyyətdə təəccüb doğurmaz.
Odur ki, Ramiz Mehdiyevin həbsi hakimiyyətin Rusiyanın ölkəmizdəki “5-ci kolonu”nun tamamilə sıradan çıxarılması istiqamətində fəaliyyətə keçməsi kimi qiymətləndirilə bilər. Qarabağı düşməndən təmizləyən Prezident İlham Əliyevi indi də ölkəmizi bütövlükdə daxili düşmənlərdən təmizləyir ki, cəmiyyətimiz azad nəfəs alsın.
Xatirə SADİQ