Bermud Üçbucağında sirli şəkildə itkin düşən 28 yaşlı fransız kapitan Mari Dekub gözlənilmədən yenidən ortaya çıxıb. Onun anasının sözlərinə görə, Mari səyahətini təhlükəsiz şəkildə davam etdirir və 16 noyabr bazar gününə qədər Puerto Rikoya çatacaq.
NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, təcrübəli dənizçi Mari Dekub 2023-cü ilin sentyabrında üç illik dövrə səyahətinə çıxıb və bu səyahət üçün dənizi seçib. Qvatemalada öz yaxtasını təmir etdikdən sonra o, Amerika kapitanı Nathan Perrins ilə birlikdə SV Liahona yelkənli gəmisini Puerto Rikoya çatdırmaq üçün yola çıxıb.
6 noyabrda gəminin yanacaq doldurmaq üçün Bermuda adalarında lövbər salması planlaşdırılsa da, GPS siqnalı itib və heyətlə əlaqə kəsilib. Perrinsin son mesajı yanacaq çatışmazlığından xəbər verirdi.
Marinin anası Natali Le Ru Facebook və Boatwatch saytları vasitəsilə yelkənli qayıq icmasından kömək istəyib. O bildirib ki, vertolyotla axtarış pis hava şəraiti səbəbindən dayandırılıb, lakin qızı çox təcrübəli dənizçidir.
10 noyabrda Natali Le Ru açıqlayıb ki, Mari sağdır və yolda Puerto Rikoya doğru hərəkət edir:
“Mari yoxa çıxmayıb, sadəcə rabitəsi kəsilib. Bu, dənizdə tez-tez baş verən haldır. O, təcrübəli naviqatordur və tezliklə Puerto Rikoya çatacaq,” – deyə ana bildirib.
Qeyd edək ki, Mayami, Bermuda və Puerto Riko arasındakı ərazi uzun illərdir sirli itkilərlə bağlı şayiələrlə yadda qalır. 19-cu əsrdən bəri bu ərazidə 50-dən çox gəmi və 20 təyyarə yoxa çıxıb. Lakin mütəxəssislər əksər belə hadisələrin mistik deyil, hava şəraiti və insan səhvləri ilə bağlı olduğunu bildirirlər.













