Ermənistanda son günlər Nikol Paşinyanın siyasi mövqeyinin zəifləməsi və hakimiyyətdən getməsi ehtimalları regionda yeni siyasi proseslərin başlanacağı ilə bağlı suallar doğurur.
Paşinyanın hakimiyyətdən uzaqlaşması Azərbaycan-Ermənistan münasibətlərinə, eləcə də iki ölkə arasında əldə olunmuş razılaşmaların gələcəyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı NOCOMMENT.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Paşinyanın hakimiyyətdən getməsi Bakı-İrəvan münasibətlər sistemində müəyyən dəyişikliklərə yol aça bilər:
“Əsas məsələ Paşinyanın getməsi deyil, ondan sonra kimin gəlməsidir. Əgər revanşist qüvvələr hakimiyyətə gəlsə, bu, iki ölkə arasında indiyədək əldə olunmuş razılaşmalardan imtina ilə nəticələnər. Onlar yenidən müharibə iddialarını gündəmə gətirə, 10 noyabr razılaşmasını və digər iki tərəfli sazişləri tanımaya bilərlər”.

Tural Abbaslının sözlərinə görə, Azərbaycan bütün mümkün ssenarilərə hazır olmalıdır:
“Biz dövlətimizin gələcəyini, sərhədlərimizin toxunulmazlığını və suverenliyimizi İrəvanın seçkilərinə bağlaya bilmərik. Paşinyan hakimiyyətdə qalsa da, getsə də, biz hər hadisəyə hazır olmalıyıq. Bu halda İrəvanı kimin idarə etməsi o qədər də böyük əhəmiyyət daşımayacaq”.
Partiya sədri həmçinin vurğulayıb ki, ümumilikdə Ermənistanda hansı liderin hakimiyyətdə olmasından asılı olmayaraq, Azərbaycan bu ölkə ilə münasibətlərdə daim ehtiyatlı olmalıdır.
Aynurə İsmayıl













