Rusiya vurdu, Kiyevdə səfirliyimizə ciddi ziyan dəydibackend

Rusiya vurdu, Kiyevdə səfirliyimizə ciddi ziyan dəydi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.

NOCOMMENT.az Azərtac-a istinadən xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib.

Səfirliyimizin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.

Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.

Onu da qeyd edək ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin budəfəki ziyan miqyasına görə daha böyük və ciddi olub. Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.

***

Rusiyanın ötən gecə Kiyevə həyata keçirdiyi hücumda istifadə etdiyi “İskəndər” raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “X” hesabında bildirib.

“Ukraynaya hücumda təxminən 430 dron və 18 raketdən istifadə edilib. Təkcə Kiyevdə onlarla yaşayış binası zədələnib. Azərbaycan səfirliyinin binasına “İskəndər” raketinin qəlpələri düşüb”, – Zelenski qeyd edib.

Onun sözlərinə görə, işğalçılar Ukraynaya təxminən 430 pilotsuz təyyarə və 18 raket, o cümlədən ballistik və aeroballistik raketlər atıblar.

“Bu, alçaq hücumdur. Bu məqamda artıq onlarla insanın, o cümlədən uşaqlar və hamilə qadının yaralandığı məlumdur. Təəssüf ki, dörd nəfər həlak olub”, – deyə Zelenski əlavə edib.

O, qeyd edib ki, ölkəsi bu hücumlara uzaqmənzilli güclə cavab verir, dünya isə sanksiyalar vasitəsilə həyata keçirilən bu hücumları dayandırmalıdır. “Rusiya hələ də neft sata və öz sxemlərini qura bilir. Bütün bunlara son qoyulmalıdır”, – prezident vurğulayıb.

Ukrayna lideri bildirib ki, hava hücumundan müdafiəni gücləndirmək üçün tərəfdaşlarla “çox iş” aparılır: “Amma (bu – red.) kifayət deyil. Biz onu əlavə sistemlər və tutucu raketlərlə gücləndirməliyik. Avropa və ABŞ kömək edə bilər. Biz real həll yollarına ümid edirik. Kömək edən hər kəsə təşəkkür edirik”.

Xatırladaq ki, ötən gecə Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 20 nəfərdən çox insan xəsarət alıb.