Manatın məzənnəsi təhlükədə: 2027-ci ildə… – ŞOK PROQNOZbackend

Manatın məzənnəsi təhlükədə: 2027-ci ildə… – ŞOK PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

JP Morgan analitikləri xəbərdarlıq ediblər ki, beynəlxalq Brent xam neftinin qiyməti potensial həddindən artıq təklif səbəbindən 2027-ci ilə qədər 30 dollara düşə bilər. Neft hazırda 62,59 dollar ətrafında ticarət olunur və bazar Ukraynada sülh danışıqları ilə bağlı xəbərlər gözləyir. Neft bazarının çöküşü və qiymətin ucuzlaşması, Azərbaycan iqtisadiyyatına və manata necə təsir göstərəcək?

NOCOMMENT.az xəbər verir ki, mövzunu KONKRET.az-a iqtisadçı Xalid Kərimli şərh edib:

Xəbərlər: #iqtisadçı-ekspert Xalid Kərimli

“Ukrayna müharibəsi neft bazarında gündəlik və qısamüddətli dövrlərdə qiymət dinamikasına təsir göstərir. Ümumilikdə isə bazar iştirakçıları tərəfindən neftin qiymətinin enməsi gözlənilir. 2026-cı il üçün qiymətlər təxminən 55–65 dollar intervalında proqnozlaşdırılır. Lakin bəzi mənbələr 2027-ci ildə qiymətin hətta 30 dollara qədər enəcəyini bildirir. Bu gözləntilərin əsas səbəbi təklifin tələbi üstələməsidir. ABŞ neft hasilatını davamlı şəkildə artırır. Əvvəllər OPEC+ hasilatı məhdudlaşdırmaqla bazara nəzarət etməyə çalışırdı, lakin indi ABŞ, Kanada, Braziliya, Norveç və digər OPEC+ üzvü olmayan ölkələr sürətlə bazar payını artırır. Hazırda OPEC+ qrupunun bazarda təxminən 50%-lik payı var. Digər yarısı qeyri-OPEC ölkələrinin nəzarətindədir. Əgər OPEC+ hasilatı azaldırsa, digər ölkələr onun bazar payını ələ keçirir. Buna görə də OPEC+ bu ilin sonuna doğru hasilat məhdudiyyətlərini azaldıb və gələn il də bu siyasəti davam etdirməyi planlaşdırır. Bu səbəbdən qiymətlərin düşməsi ehtimalı yüksəkdir. Lakin 30 dollar səviyyəsi kifayət qədər pessimist və sərt bir ssenaridir”.

İqtisadçının sözlərinə görə, neftin qiymətinin enməsi Azərbaycanın iqtisadiyyatına ciddi təsir göstərir:

“Maliyyə Nazirliyinin hesablamalarına əsasən, qiymətin hər 10 dollar enməsi dövlət və icmal büdcəyə 1 milyard manatlıq zərər vurur. Hazırda Azərbaycanın büdcəsində neftin baza qiyməti təxminən 65 dollar nəzərdə tutulub. Əgər qiymət 30 dollar düşsə, bu illik olaraq ölkəyə təxminən 8,3 milyard manatlıq ziyan vura bilər. Bu, Neft Fondunun aktivlərinin azalmasına və manatın məzənnəsinə təzyiq yaradacaq. Bütün bunlara baxmayaraq, sözügedən ssenariləri 2027-ci ilin reallıqları çərçivəsində müzakirə etmək daha düzgün olar. Hazırkı mərhələdə bu kimi proqnozları gündəmə gətirmək tezdir”.