Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib ki, “əlverişli vaxtda” Bakıya səfər etməyə hazırdır.
Simonyan hələlik Azərbaycandan rəsmi dəvət almadığını, lakin belə bir təklif olsa, onu nəzərdən keçirəcəyini deyib.
Parlament sədri həmçinin qeyd edib ki, azərbaycanlı həmkarı, Milli Məclisin spikeri Sahibə Qafarovanı İrəvana dəvət etməyə hazırdır.
Ermənistan parlamentinin spikeri Alen Simonyanın “əlverişli vaxtda” Bakıya səfər etməyə hazır olması hansı siyasi mesajları daşıyır, bu açıqlamanın regionda diplomatik münasibətlərə və Azərbaycan-Ermənistan danışıqlarına təsiri necə qiymətləndirilə bilər?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, ümumiyyətlə, Simonyanı Paşinyanın sələfi adlandırırlar.
“O, kifayət qədər xarizmatik, mövqeyinə görə isə Ermənistan hakimiyyətində Paşinyandan sonra demək olar ki, ikinci adam sayılır. Onun nüfuzu və açıqlamaları göstərir ki, Simonyan iddialı siyasətçidir. Azərbaycana qarşı isə belə “yumşaq addımları” bizi aldatmamalıdır. Çünki eyni Simonyan bir müddət əvvəl demişdi ki, məsələn, referendum məsələsi hələ bəlli deyil. Və yaxud yaxınlarda Prezident İlham Əliyevin Göyçə ilə bağlı açıqlamasına altı ay sonra cavab vermişdi. Yəni bu adam, baxmayaraq ki, özünü yumşaq göstərir, lazım olanda “dişlərini də göstərməyi” bacarır.”
Məmmədlinin sözlərinə görə, indi Ermənistanın sülh barədə mesajları, yumşalması və ya Bakıya gəlməyə hazır olduğunu deməsi bizi arxayınlaşdırmamalıdır:
“Azərbaycan Zəngəzur dəhlizini öz istədiyi modeldə almaq istəyir. Amma Ermənistan bu dəfə Azərbaycanın istəklərini tam şəkildə verəcəkmi? Danışıqlar prosesində bu məsələ ilə bağlı çoxlu suallar var və hələlik onların heç birinə dəqiq cavab yoxdur. Mən əslində bu qədər sürətli istiləşmənin, 180 dərəcə dəyişən münasibətlərin tərəfdarı deyiləm. Çünki bu olan halda ermənilər daha çox vaxt qazanmağa və nəyisə xeyirlərinə çevirməyə çalışacaqlar. Bunu Trampın müəyyən istəkləri ilə, yaxud Qərblə münasibətləri yumşaltmaq üçün geri çəkilmə zərurəti ilə izah edə bilərlər. Hamının bəhanəsi hazırdır. Amma əsas məsələ Azərbaycanın maraqlarının təmin olunmasıdır.”
EKspert qeyd edib ki, onsuz da sülh olmalıdır, daim müharibə davam edə bilməz — amma bu o demək deyil ki, hədəflərə çatmaq üçün bəzən müharibə variantı masadan qalxmalıdır:
“Əsas olan budur ki, Azərbaycanın minimum maraqları təmin olunmalı və Zəngəzur yolunda bir dənə də olsun erməni nəzarətçi olmamalıdır. Heç bir erməni bizi yoxlamamalıdır. Kalininqrad nümunəsi var: Rusiyadan Litva vasitəsilə Kalininqrada keçən rus vətəndaşı xarici pasport göstərməyə məcbur deyil və litvalı sərhədçi onu yoxlamır. Minimum səviyyədə Azərbaycana da bu imkanlar verilməlidir. Amma Ermənistan buna razı deyil. Və buna razı olmayan şəxslərdən biri də məhz Simonyandır. Belə bir adamın indi Bakıya səfər etməsi barədə danışması məncə hələlik tezdir və doğru addım kimi görünmür.”













