Son dövrlər həm qlobal iqtisadi trendlər, həm də yerli bazardakı dəyişikliklər fonunda insanlar vəsaitlərini necə dəyərləndirməyin daha sərfəli yollarını axtarırlar. Xüsusilə də bank depozitləri və qızıl kimi ənənəvi investisiya alətləri arasında seçim məsələsi aktuallaşıb. Maraqlıdır, bu gün pulun bankda saxlanılması, yoxsa qızıl alınaraq qorunması daha sərfəlidir?
NOCOMMENT.az xəbər verir ki, KONKRET.az-ın sualını cavablandıran iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, istər bankda pul saxlamaq, istərsə də qızıl almaq mahiyyət etibarilə investisiya fəaliyyətinin tərkib hissəsidir və hər iki variantın özünəməxsus üstünlükləri və riskləri mövcuddur.

Ekspert qeyd edib ki, bank depozitləri hazırda illik təxminən 9–10 faiz gəlir gətirir. Qızıl isə dəyişkən olsa da, bəzi dövrlərdə daha yüksək gəlir əldə etməyə imkan verir:
“Qızılın gəliri qarşıdakı bir il ərzində 20 faizdən çox ola bilər. Amma bu, 3–5 faiz də gəlir gətirə bilər. Yəni qızılın gəlirliliyi bazar şərtlərindən asılı olaraq dəyişir”.
Onun sözlərinə görə, söhbət uzunmüddətli perspektivdən – xüsusən də 5 ildən artıq dövrdən gedirsə, qızıl daha etibarlı investisiya aləti hesab olunur.
Əmirov yekun olaraq vurğulayıb ki, fərdi investorlar qərar verərkən riskləri, investisiyanın müddətini və şəxsi maliyyə hədəflərini nəzərə almalıdırlar.













