Son zamanlar OBA marketlərdə çeklərin solğun və oxunmaz şəkildə çap olunması ilə bağlı şikayətlər səsləndirilir.
NOCOMMENT.az xəbər verir ki, şikayətçilər bunun mağaza sahibi tərəfindən qəsdən edildiyini iddia edirlər.
Məlumata görə, solğun çap səbəbindən çek üzərindəki QR kod və fiskal məlumatlar oxunmur, nəticədə müştərilər “ƏDV geri al” sistemində qəbzi qeydiyyatdan keçirə bilmir.
Kassirə müraciət edilsə də, məsələ həllini tapmır.
Market əməkdaşı “Kompüterdə bizdə kod görünmür, baxıb sizə deyə bilmirik. Kartric də yeni dəyişdirilib, niyə belədir bilmirik. Bizlik deyil”, – deyərək müştərini yola salırlar.
Mütəxəssislər qeyd edirlər ki, zəif çapın bir neçə əsas səbəbi ola bilər:
1. Kassanın termal başlığının çirklənməsi – Kassanın çap mexanizmi təmizlənmədikdə, çap zəifləyir və qəbzlər boz rəngdə çıxır.
2. Çap sıxlığının aşağı ayarlanması – Bəzi kassalarda elektrik qənaəti üçün çap sıxlığı aşağı salınır, nəticədə məlumatlar tam görünmür.
3. Texniki nasazlıq və ya düzgün servis olunmaması – Kassa aparatının vaxtında texniki baxımdan keçməməsi oxunmayan qəbzlərə səbəb olur.
Azərbaycan qanunvericiliyinə əsasən isə mağaza müştəriyə oxunaqlı, üzərində bütün fiskal məlumatlar olan qəbz verməyə borcludur.













