Son 5 ay ərzində “Yeni Klinika”da doğuş zamanı 3 ana ölümü qeydə alınıb.
Qeyd edək ki, ölüm halları yalnız bu il baş verməyib – əvvəlki illərdə də klinikada ana və yeni doğulmuş körpə ölümləri ilə bağlı narahatlıq doğuran hallar müşahidə olunub. Tibbi ekspertlər bu halların təkrarlanmasını ciddi narahatlıq doğuran göstərici hesab edirlər.
Məsələ ilə bağlı NOCOMMENT.az -a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, biz vaxtı ehtimallar üzərində qura bilmərik, çünki hüquqi məsuliyyət daşıyan bütün proseslərdə sübutlar olmalıdır:
“Əlbəttə ki, bu ölüm halları çox səbəblərə bağlı ola bilər. Birincisi, ana yanaşı xəstəliklərə malik ola bilər.
Çünki qadınlar çox vaxt plansız şəkildə, bəzən isə planlı olsa da, hamilə qalırlar. Əvvəlcədən orqanizmin durumunu yoxlamırlar və hansı yanaşı xəstəliklərin olduğunu bilmədən hamilə qalırlar.
Nəticədə bəzən hepatit, böyrək çatışmazlığı və digər ciddi problemlər fəallaşır.”

Professor qeyd edib ki, doğuş zamanı ana ölümü, uşaq ölümü, dölyanı suyun bulanması kimi hallar müxtəlif səbəblərdən baş verə bilər:
“Burada yanaşı xəstəliklər də rol oynaya bilər. Əməliyyata müdaxilə və digər tibbi faktorlardan ötrü bu halların aşkar edilməsi üçün mütləq autopsiya aparılmalıdır. Ölən şəxsin ölümünün birbaşa səbəbi müəyyən edilməlidir. Bundan sonra artıq qərar vermək mümkündür ki, ölümün səbəbi nədir.”
Adil Qeybullanın sözlərinə görə, bu həm hüquqi qiymətləndirmə, həm də gələcəkdə belə halların qarşısını almaq üçün strategiya hazırlamaq baxımından çox vacibdir:
“Təəssüflər olsun ki, çox vaxt dünyasını dəyişən şəxsləri aparıb dərhal dəfn edirlər və ictimaiyyət məlumatsız qalır. Bu da vəziyyətin real olaraq necə idarə olunması barədə düzgün təsəvvür yaratmır.
Dəfələrlə vurğulamağa baxmayaraq, real vəziyyət belədir ki, xəstənin dəfn prosesi zamanı insanlar hay-küy salır, vəziyyət düzgün tənzimlənmir və bundan sonra kimlərsə əsassız şəkildə günahkar çıxartmağa çalışır. Bu isə yalnız hay-küy yaradır və heç bir nəticə vermir.”











