Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda banklar 29 milyard 403,9 milyon manat kredit qoyuluşu həyata keçirib. Lakin Mərkəzi Bankın məlumatına görə, bu kreditlərin 544,8 milyon manatın artıq vaxtı keçib.
İlin əvvəlindən bəri problemli kreditlərin həcmi 21,3%, son 12 ayda isə 13,55% artıb. Oktyabr ayının sonunda problemli kreditlərin bank sektorunun ümumi kredit portfelində payı 1,7% təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında bu rəqəm 1,5%, ötən ilin oktyabrında isə 1,7% olub.
Bu göstəricilər bank sektorunda risklərin artdığını və problemli kreditlərin idarə edilməsində çətinliklərin mövcud olduğunu göstərir.
Bu vəziyyətdən çıxış yolu varmı? Bu borclardan hansılar silinə bilər?

Məsələ ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli NOCOMMENT.az -a bildirib ki, problemli kreditlərin artması bir sıra səbəblərlə əlaqələndirilir:
“Əsas səbəblərdən biri, iqtisadi artımın gözlənilən səviyyədə olmaması və bəzi sahələrdə biznes fəaliyyətinin zəifləməsidir. Korporativ müştərilərin gəlirindəki azalma və ya gözlənilməz xərclərin artması, onların kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməməsinə gətirib çıxarır. Həmçinin fərdi müştərilər üçün də inflyasiya, istehlak xərclərinin artması və faiz dərəcələrinin yüksəlməsi kreditlərin vaxtında qaytarılmasını çətinləşdirir.”
A.Nəsirlinin sözlərinə görə, problemli kreditlərin artmasının digər səbəbi, bəzən bankların kredit siyasətində daha yumşaq yanaşma sərgiləməsi, risk qiymətləndirməsinin düzgün aparılmaması və borcalanların maliyyə vəziyyətinin kifayət qədər yoxlanılmamasıdır:
“Həmçinin pandemiya dövründə və sonrakı illərdə sosial-iqtisadi dəstək tədbirləri müəyyən müddət üçün borcların ödənilməsini yubatmışdı, indi isə həmin öhdəliklərin vaxtı çatır və ödənişlər gecikir. Bu problemin həlli üçün bir neçə çıxış yolu mövcuddur.
Birincisi, borcalanlarla banklar arasında restrukturizasiya və güzəşt mexanizmlərinin tətbiqi vacibdir. Yəni borcun müddətini uzatmaq, faiz dərəcəsini azaltmaq və ya qismən borcu silmək yolu ilə ödəniş yükü azaldıla bilər.
İkincisi, bank sektorunda riskin düzgün qiymətləndirilməsi və yeni kreditlərin verilməsi zamanı borcalanın ödəmə qabiliyyətinin daha dəqiq təhlil edilməsi zəruridir.
Üçüncüsü, Mərkəzi Bank və hökumət tərəfindən iqtisadi aktivliyi artırmaq üçün makroiqtisadi tədbirlər görülməli, biznes və fərdi müştərilərin gəlirlərinin artırılması təmin edilməlidir.
İqtisadçı qeyd edir ki, problemli kreditlərdən hansıların silinə biləcəyi isə birbaşa borcalanın maliyyə vəziyyəti və kredit müqaviləsinin şərtləri ilə bağlıdır:
“Məsələn, uzun müddət ödəniş edə bilməyən, lakin gələcəkdə ödəmə qabiliyyəti olmayan borcaların qismən və ya tam silinməsi bankların portfelinin sağlamlaşdırılması məqsədilə həyata keçirilə bilər. Digər tərəfdən, ödəniş qabiliyyəti olan, lakin müvəqqəti çətinlik yaşayan borcalar üçün yalnız restrukturizasiya tətbiq olunur, borcun tam silinməsi nadir hallarda baş verir.
Ümumiyyətlə, problemli kreditlərin artımı iqtisadi və maliyyə sahəsində ciddi diqqət tələb edir.
Banklar, dövlət orqanları və borcalanlar arasında əməkdaşlıq və doğru strategiya ilə bu problemlərin idarə olunması mümkündür. Yalnız ədalətli və balanslı yanaşma ilə həm bank sektorunun dayanıqlığı, həm də borcalanların maliyyə sabitliyi təmin oluna bilər.”












